OPEK yenidən toplanacaq-növbəti hədəf İrandır GÖZLƏNTİLƏR

21 Aprel 2016 11:01 (UTC+04:00)

"OPEK-in iyunun 2-də keçiriləcək konfransının DOHA görüşündən fərqli olaraq daha maraqlı keçəcəyi gözlənilir. Burada hasilat və ixracla bağlı yeni kvotaların müəyyənləşəcəyi gözlənilir". Bu fikirləri SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

İlham Şaban bildirib ki, OPEK 2015-ci ilin dekabr konfransında öz sıralarına yeni üzv, İndoneziyanı qəbul etdi: "Onun gündəlik hasilatı 800 min barrel olsa da hələ ki, rəsmən OPEK-in kvotasına daxil edilməyib və iyun konfransında bu məsələ həllini tapmalıdır. Sözügedən konfransın əsas diqqətdə duran məsələsi İranın hasilatı və kvotası olacaq. Çünki 2016-cı ilin fevralından İrana tədbiq olunan sanksiyalar götürüldükdən sonra neft ixracının bərpasına başlayıb. Hazırda İran həcmləri durmadan artırır. Dohadakı görüşün "düyün" məsələsi də deyərdim ki, elə İran faktorundan qaynaqlanmışdı. Səudiyyə və bir sıra Körfəz ölkələri bütün OPEK ölkələrinin hasılatının dondurulmasında eyni mövqedən çıxış etməsinin vacibliyini vurğulamışdılar. Onların fikrincə, əks təqdirdə bunun bazara heç bir təsiri olmayacaq. Bu baxımdan OPEK-in iyun konfransında İranın yola gətirilməsi məsələsi gündəmdə olacaq. Bu məsələ ilk baxışdan həqiqətən mürəkkəb görünsə də, digər tərəfdən həlli mümkün olmayacaq bir şey də deyil".

İlham Şaban onu da vurğulayıb ki, İran tərəfinin rəsmən açıqladığı rəqəmlərə əsasən neft hasilatı bu ölkədə qısa bir müddətdə gündəlik 3,5 milyon barelə çatıb: "Yəni sanksiyalardan əvvəlki göstəriciyə çatmaq üçün cəmi 0,5 milyon barel qalıb. İkincisi, İran özü də neftdən asılı bir ölkədir. Baxmayaraq ki, bu ölkənin rəhbərləri elan edirlər ki, gəlirlərinin daha çox hissəsi qeyri-neft sektorundandır. Əslində bu statistik yanaşmadır. Çünki qeyri-neft sektoru dedikdə, sadəcə xam neft satışını nəzərdə tutmurlar. Neft məhsulu, qaz-kimya məhsulları da neft qiymətlərinə bağlı sahələrdir. Neftin qiyməti aşağı olanda onların da qiyməti müvafiq olaraq aşağı səviyyəyə enir. Bu baxımdan İran üçün əhəmiyyətlidir ki, dünya bazarında neft qiymətləri indikindən heç olmasa 20% yuxarı səviyyədə olsun. O zaman İran büdcəsinin qazancı kifayət qədər yüksək olar. Belə bir ab-havada İranın məsələyə baxışlarının dəyişməsi mümkündür. Düşünürəm ki, OPEK-in iyun konfransı neft bazarı iştirakçıları üçün yeni sürprizlər gətirə bilər".