Elman Abdullayev həmkarı ilə görüş keçirib

21 Aprel 2016 08:59 (UTC+04:00)

Azərbaycan Respublikasının Efiopiya Fedrativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın Xarici İşlər Nazirliyinin Dövlət naziri səfir Taye Astke-selassie ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüş zamanı səfir E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə Dövlət naziri səfir Taye Astke-selassieni təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzulayıb. Həmçinin, səfir E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Dövlət naziri səfir Taye Astke-selassie öz növbəsində səmimi təbrikə görə öz təşəkkürünü bildirib. Dövlət naziri səfir Taye Astke-selassie ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edilib və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edilib.

Eyni zamanda iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.