Azərbaycan hər zaman öz tolerantlığı ilə seçilib FOTOLAR

21 Aprel 2016 08:55 (UTC+04:00)

Aprelin 20-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan sabiq millət vəkili, professor İrfan Gündüzü qəbul edib. SİA-nın məlumatına görə, Dövlət Komitəsinin sədri Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduqlarını önə çəkərək iki dövlət arasında müxtəlif sahələrdə, xüsusilə din sahəsində mövcud olan yüksək səviyyəli münasibətlərdən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi ilk səfərini Türkiyəyə etdiyini xatırladan Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verib.

Komitə sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb, yeni məscidlərin tikintisinə və tarixi-dini abidələrin bərpasına böyük diqqət ayırıb. Bu gün də Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu deyən Komitə sədri bu il çərçivəsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə görüş iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından və ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Qonaq səfər çərçivəsində "Multikulturalizm ili" ilə bağlı Bakı və Zaqatalada keçiriləcək konfranslarda iştirak edəcəyini və gənclər üçün mühazirələr oxuyacağını deyib.

Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Əhməd Tecimin və Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun da iştirak etdiyi görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.