137 partlamamış hərbi sursat zərərsizləşdirilib

21 Aprel 2016 01:21 (UTC+04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən 20-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 300 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib. Nəticədə 137 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib. Dörd partlamış sursat aşkar edilib və 7 min 500 kvadratmetr ərazi yoxlanılıb. Qapanlı kəndində 4 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib. Yeddi partlamış sursat aşkar edilib və 13 min 200 kvadratmetr ərazi yoxlanılıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 5 ev və həyətyanı sahələrdə 9 partlayış yerinə baxış keçirilib. Doqquz partlamış sursat aşkarlanıb. Nəticədə 890 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində və ətrafında 7 partlayış yerinə baxış keçirilib. Yeddi partlamış sursat aşkar edilib və 1445 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Ballar kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. İki ədəd partlamış sursat aşkar olunub və 4 min 500 kvadratmetr ərazi yoxlanılıb.

Baharlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Bir ədəd partlamış sursat aşkarlanıb və 5 min kvadratmetr ərazi yoxlanılıb.

Aprelin 20-də agentlik tərəfindən 12 ev, 30 partlayış yeri, 3 əkin sahəsi və 32 min 535 kvadratmetr ərazi yoxlanılıb.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.