GİF-in nümayəndə heyəti YAP GB-nin qonağı olub

20 Aprel 2016 16:49 (UTC+04:00)

Gürcüstan İnkişaf Fondunun (GİF) nümayəndə heyəti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin qonağı olub. SİA-nın məlumatına görə, qonaqlar Gürcüstan-Azərbaycan münasibətləri barədə diskussiya aparıblar, gələcək planlar haqqında danışıblar.

Qonaqları salamlayan YAP GB-nin sədr müavini Ramin Məmmədov təşkilat haqqında məlumat verərək bildirib ki, YAP GB Azərbaycanın hakim partiyasının ətrafında birləşən gənclərin birləşdiyi aparıcı təşkilatdır: "Biz xarici ölkələrin aparıcı partiyalarının gəncləri ilə daim əməkdaşlıqda maraqlıyıq və bu istiqamətdə fəaliyyətimizi irəliyə doğru aparmaqdayıq. Gənclərimiz xarici ölkələrin, xüsusilə də MDB ölkələrinin siyasi gündəmini daim izləyir, perspektivli planlar üzərində işləyir. İnanıram ki, bugünkü görüşümüzün də çox müsbət nəticələri olacaqdır".

Gürcüstan İnkişaf Fondunun sədri Giorgi Taktakshvili qeyd edib ki, GİF demokratiyanın möhkəmlənməsi və Gürcüstanda siyasi iştirakını artırmağı hədəfləyən yeni qurulan ictimai-siyasi hərəkatdır: "GİF-də eyni dəyərli insanları birləşdirən mərkəzi sağ platformadır. Fondumuzun əsas məqsədi gürcü cəmiyyətində müsbət dəyişikliklər etmək istəyənlərin yeni koalisiyasını yaratmaq və yeni siyasi gündəm gətirməkdir. GİF fəaliyyət göstərən və köhnə siyasətçiləri , ictimai xadimləri və həmçinin yeni simaları birləşdirən fonddur".

Sədr həmçinin onu da qeyd edib ki, Gürcüstanda keçirilən son üç seçki bizə gürcü seçicilərin arasında olan etibarsızlığın və inamsızlığın aydın şəkildə göstərdi: "Seçkidə iştirak demək olar ki, olduqca aşağı idi. Hətta 35%-ə qədər azalıb. İnsanlar nə iqtidar gücə, nə də müxalifət partiyalarına etibar edir. Siyasi oyunçuların qanunlarında böyük bir boşluq var".

Sonda YAP GB-nin ofisi ilə tanışlıq olub. YAP GB-nin ofisinin rəhbəri, GB sədrinin müavini Əli Pənahov gənclərin həyata keçirdikləri layihələr barədə qonaqları məlumatlandırıb, xatirə şəkli çəkdirilib.