Əməkdar artist beynəlxalq festivalda çıxış edəcək

20 Aprel 2016 15:16 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi may ayında daha bir beynəlxalq festivalda iştirak etmək üçün dəvət alıb. GTT-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yaradıcı heyət Moskva vilayətinin Lobnya şəhərində keçiriləcək "Rus klassikası" beynəlxalq teatr festivalında iştirak edəcək.

Hər il ənənəvi olaraq, keçirilən festival cari ilin mayın 21-29-da baş tutacaq. Ölkəmizi festivalda teatrın istedadlı aktyoru, əməkdar artist Şövqi Hüseynov N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşası ilə təmsil edəcək.

Festivalda həmçinin, Almaniya ("Нина, или о хрупкости чаек"), ABŞ ("Василий + Федерико"), İspaniya ("В Париже"), İsrail ("Петербург") və Rusiyanın ("Последный срок"), ("Москва – петушки. Поэма"), ("Печорин") müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivlərinin tamaşaları nümayiş etdiriləcək.

Qeyd edək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən Rusiya teatr incəsənətinə gənc auditoriyanın marağını daha da artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.