Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya layihəsi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfiqarlı AVCİYA-nın 12 illik fəaliyyəti haqqında söhbət açaraq onun əsas xəttinin Qarabağ həqiqətləri, Ermənistanın işğalçı siyasəti, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirib.
O, son günlərdə cəbhə xəttində baş verən hadisələrlə bağlı ATƏT, BMT, NATO və digər nüfuzlu təşkilatların, həmçinin 40-a yaxın lider ölkələrin bəyanatını diqqətə çatdırıb, bu bəyanatların hamısında əsas məqsədin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, ancaq sülh yolu həll oluna bilinəcəyini dedi. Qeyd etdi ki, hal – hazırda informasiya müharibəsi gedir, biz bu müharibədə də qalib gəlməliyik.
Beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etmək və bütün dünyaya yaymaq məqsədilə Ağ Ev Administrasiyasına ünvanlanan petisiyadan danışan AVCİYA-nın nümayəndəsi bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə olunmamasının vurğulayıb.
Qeyd etdi ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması üçün geniş təbliğat kampaniyasına başlayıb.
Petisiyanın əhəmiyyətindən danışan Məhərrəm Zülfiqarlı məhz bunun vasitəsilə Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamənin Ağ Evin saytında dünyaya çatdırıldığını vurğuladı. Hər kəsi layihəyə qoşulmağa çağırıb. O, səs vermənin davam etdiyini və yaxın günlərdə bir neçə yüz min səsin qazanılacağına inamını ifadə edib.
AVCİYA-nın nümayəndəsi Rüfət Muradov isə səs vermənin qaydaları haqqında ətraflı məlumat verib.