Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın korifey sənətkarı, xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı ilk tədbir keçirilib. İdarədən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan aparıcı Kamran İsrafilov xalqın sevimlisinə çevrilmiş aktrisanın oynadığı rolların zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durduğunu vurğulayıb.
Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova sənətkarın həyat və yaradıcılığı haqqında danışıb.
Daha sonra Nəsibə Zeynalova ilə "Yuxu" filmində rol alan əməkdar artist, teatr və kino aktrisası Ayan Mirqasımova iştirakçılarla öz xatirələrini bölüşüb.
Əməkdar incəsənət xadimləri Rafiq Sadıxov, Aydın Kazımzadə, tanınmış aktyor və sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə, ssenarist və aktyor Qasım Səfəroğlu çıxışlarında aktrisanın istər kinoda, istərsə də teatrda yaratdığı kiçik rolları belə yaddaqalan, baxımlı etmək bacarığına, istənilən obrazı tamaşaçıya yüksək səviyyədə təqdim edib və sevdirmək ustalığına malik olduğunu bildiriblər.
Çıxışlardan sonra Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova öz ürək sözlərini yubiley iştirakçıları ilə paylaşıb, onun səhnədə hər zaman gülən və güldürən aktrisa olmağı ilə yanaşı, çox qayğıkeş ana, qaynana və nənə olduğunu vurğulayıb, Nəsibə xanımın ailəsi adından tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Sonra Suraxanı rayon Heydər Əliyev Mərkəzində rəssam vəzifəsində çalışan Aynur Novruzova tərəfindən çəkilmiş Nəsibə Zeynalovanın portreti nəvəsi N.Əsgərovaya xatirə hədiyyəsi olaraq təqdim olunub.
Tədbirin sonunda əməkdar artist Nailə Mirməmmədlinin müşayəti ilə müğənnilər Günay Hüseynova və Aygün Abbaszadə "Qaynana" filmindən "Biz mehriban ailəyik" mahnısı ilə tədbirə xüsusi rəng qatıblar.
Qeyd edək ki, mərasim yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən keçirilib.