Azərbaycan Özbəkistanın turizm festivalında FOTOLAR

20 Aprel 2016 12:29 (UTC+04:00)

Daşkəndin Mərkəzi Sərgi Sarayında rəsmi açılışı olan "İstirahət dünyası 2016" Daşkənd IV beynəlxalq turizm sərgisində ölkəmizi Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, faydalı turpaketlər təqdim etməkdir.

Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi haqqında məlumat verib. O, sərgidə Özbəkistanın bütün regionlarından, xüsusilə, ilk dəfə olaraq, qədim tarixə malik Sırxandərya, Sırdərya əyalətlərinin eksklüziv turizm resurslarının təqdim olunacağını qeyd edib.
Sərginin rəmzi açılış lenti kəsilib. Bədii hissədə Özbəkistanın tanınmış sənətçilərinin çıxışı olub, həmçinin, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi ifa ediblər.
Builki sərgidə Özbəkistanla yanaşı, Azərbaycan, Malayziya, Türkiyə, Çin, İspaniya, Fransa, Çexiya, Ukrayna, Sinqapur və digər ölkələrin turizm resurslarının təqdimatı gerçəkləşib.
Daşkənd IV beynəlxalq turizm sərgisinin builki əsas mövzusu tibbi, müalicəvi turizm və bu sahədə təqdim olunan turizm resursları olub.
Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.
Azərbaycan sərgisinə də maraq böyük olub. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya səviyyəli müalicəvi istirahət məkanları olan Naftalan, Naxçıvan-Duzdağ turizm obyektlərinin təqdimatını həyata keçirib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi tərəfindən göndərilən buklet və broşurlar paylanılıb, "Чудесный Нафталан" video-çarxı nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib.
İştirakçılara Azərbaycanın turizm məkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı bütün turizm marşrutları, tarixi abidələr haqqında məlumatlar verilib.
Özbək turistləri Naftalandakı müalicəvi istirahət mərkəzləri, burada fəaliyyət göstərən "Chinar Hotel SPA Naftalan", "Qaşaltı", "Garabag Resort & Spa", Naftalan Terapiya Mərkəzində müalicə, istirahət haqqında ətraflı məlumatlandırılıb.
Sərgi çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 2015-ci ildə çap olunmuş özbək və rus dillərində "Муъжизавий Нафталан: Чудесный Нафталан" kitabçasının təqdimatı keçirilib.