ƏƏSMN-in xidməti beynəlxalq mükafata layiq görülüb FOTO

20 Aprel 2016 10:13 (UTC+04:00)

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində Avropa Regional Sosial Təminat Forumu keçirilir. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, əlaqələr şöbəsi Forumda ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin açılış mərasimində BSTA-nın prezidenti Errol Frank Stuve, İsveç Pensiya agentliyinin baş direktoru Katrin Uestlinq Palm və başqaları çıxış edərək, mövcud iqtisadi şəraitdə dayanıqlı sosial təminat sisteminin qorunub saxlanması ilə yanaşı, bu sahədə yeni çağırışlara cavab olaraq investisiya imkanlarının, xidmətlər və inzibati idarəetmə sahəsində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıblar. Daha sonra BSTA Baş katibliyinin Avropa sosial təminat məkanında mövcud vəziyyət və son tendensiyalarla bağlı hazırladığı məruzə təqdim edilib və məruzə əsasında müzakirələr aparılıb. Forumun panel müzakirələrində İsveç, Rusiya, Fransa, Macarıstan, Almaniya, İrlandiya və digər ölkələrin sosial təminat sahəsinə cavabdeh qurumlarının rəsmiləri çıxış ediblər. Tədbirdə Azərbaycanın sosial təminat sistemində elektron əsaslar üzərində avtomatlaşdırılmış idarəetmə və xidmətlər infrastrukturunun formalaşdırılması sahəsində əldə olunmuş uğurlu təcrübədən də bəhs olunub.

Forumun ilk günündə sosial təminat sistemlərində innovativ yanaşmaların və qabaqcıl texnologiyaların tətbiqi ilə seçilən iş təcrübələrinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı" xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna (Certificate of Merit) layiq görülüb.

Qeyd olunub ki, Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafı istiqamətində islahatların davamı olaraq, 2013-cü ildən Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı həyata keçirilir. Sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına yönələn bu xidmət vətəndaşlarla müvafiq dövlət qurumu arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradıb. Bu sistem istənilən vətəndaşa öz fərdi hesabı barədə məlumat ala bilmək imkanı verib. Vətəndaşlar yaşa görə əmək pensiyası hüququna malik olduqda 190-0 Cağrı Mərkəzinə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər bir vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

Üç gün davam edəcək Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin və nümayəndə heyəti üzvlərinin çıxışları da nəzərdə tutulub.