"Əmir Əlişir Nəvai - 575"

19 Aprel 2016 18:36 (UTC+04:00)

Əfqanıstanda Türk dünyasının mütəfəkkiri, böyük özbək şairi Əlişir Nəvainin 575 illiyi münasibəti ilə "Əmir Əlişir Nəvai - 575" beynəlxalq elmi simpozium keçirilib. Simpoziumda iştirak etmək üçün Əfqanıstan İslam Respublikasına Azərbaycandan filologiya üzrə elmlər doktorları Almaz Ülvi və Paşa Kərimov dəvət olunub. Konfransın açılışı Əfqanıstanın paytaxtı Kabil şəhərində baş tutub. İki gün davam edən elmi məclisdə Əfqanıstan, Özbəkistan, Tacikistan, Hindistan, Pakistan, Qazaxıstan, Türkiyə və Azərbaycandan gəlmiş alimlərin 40-a qədər elmi məruzələri dinlənilib.

Simpoziumda Azərbaycan alimləri filologiya elmləri doktorları A.Ülvi "Nəvai irsi Azərbaycan ədəbiyyatşünaslığında" və P.Kərimov "Əlişir Nəvai və XVII əsr Azərbaycan ədəbiyyatı" mövzularında məruzə ilə çıxış ediblər. Məruzələr bitdikdən sonra iştirakçılar Kabil şəhərində yerləşən tarixi-memarlıq abidələrini - Böyük Moğol İmperatorluğunun banisi Babur Türbəsini, Babur Bağını, Babur Camisini ziyarət ediblər.

Simpoziumun 3-cü günü Məzari-Şərif şəhərinə gedən simpozium iştirakçıları şəhərin müxtəlif tarixi abidələri, xüsusilə özbək hökmdarı Hüseyn Bayqaranın baş vəziri Əlişir Nəvainin Məzarı-Şərif şəhərində tikdirdiyi memarlıq kompleksini ziyarət ediblər. Təbriz memarlıq üslubunda tikilmiş bu nəhəng memarlıq abidəsi gözəlliyi ilə hər kəsi heyran edib.

Simpozium iştirakçıları həmin gün Herat şəhərinə getmiş, orada da müxtəlif tədbirlərə qatılıblar. İlk öncə, Əmir Əlişir Nəvainin türbəsi önünə gül çələngi qoyulub, şəhərin rəhbəri konfrans iştirakçılarını salamladıqdan sonra Nəvainin qəbrini ziyarət ediblər. Heratda yerləşən Teymuri memarlıq abidələrini - Gövhərşad Bəyim Türbəsi (burada Əmir Teymurun oğlu Sultan Şahruxun xanımı Gövhərşad Bəyim, oğlu Qiyasəddin Baysunqur dəfn olunublar), Sultan Hüseyn Bayqaranın Türbəsi, Əlişir Nəvainin Türbəsi, Milli Muzey və Cihat Muzeyi, Cami Türbəsi, Şeyx Abdullah Ənsəri Türbəsi, Kazirgah -Şərif, Cuma Camisi, Şah Zahdaha, İxtiyarəddin Qalası və bir çox bu kimi orta əsr memarlıq incilərini ziyarət edən simpozium iştirakçıları xoş ovqatla Heratdan yenidən Kabilə dönüblər. Azərbaycan alimləri A.Ülvi və P.Kərimov Kabildə və Heratda Əfqanıstan Dövlət Televiziyasına müsahibələr veriblər.

Əfqanıstanın 3 şəhərində təşkil olunan yubiley tədbirlərində Azərbaycan alimləri-respublikanın vitse-prezidentləri, baş naziri, Kabil, Məzari-Şərif və Herat şəhərinin rəhbərləri ilə keçirilən görüşlərdə də iştirak ediblər.

Kabil şəhərinin icra hakimiyyətində təşkil olunan görüşdə şəhər rəhbəri simpozium iştirakçılarına, o cümlədən Azərbaycan alimlərinə təqdirnamə hədiyyə edib.