Politoloq: “Sarkisyan vəhşi olduğu qədər sivil insan rolu oynayan artistdir” AÇIQLAMA

19 Aprel 2016 15:47 (UTC+04:00)

"Ermənilər bizi nə millət, nə də dövlət kimi də qəbul edirlər. Onlar Azərbaycanı Türkiyənin əlavəsi kimi görür. Ordumuzun erməni təxribatına verdiyi uğurlu cavab zaman etibarilə Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrin ən az intensiv vaxtına təsadüf etdi. İnamla irəliləyən Azərbaycan Ordusu təkbaşına böyük qələbə qazandı. Səfərbərliyə belə ehtiyac olmadan sübut etdi ki, Azərbaycan müstəqil, güclü dövlətdir və onun güclü ordusu var". Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı qələbə böyük itkilər hesabına baş gəldi: "Çoxlu sayda şəhidlərimiz oldu. Amma onları itkidən daha çox Azərbaycan xalqının və dövlətinin gələcəyinə inam yaradan, gücünü bütün dünyaya göstərən mənbə hesab edirəm. Canları-qanları bahasına müqəddəs torpaqlarımızın bir hissəsini azad etdilər. Böyük qəhrəmanlıq nümunəsi sərgiləyən belə Azərbaycan oğulları ilə hər zaman fəxr edəcəyik. Cəmiyyət olaraq onların ailə üzvlərinə bundan sonra daha çox diqqət və qayğı ayırmalıyıq".

Politoloqun fikirincə, Azərbaycan Ordusunun əldə etdiyi bu qələbənin daha çox siyasi əhəmiyyəti var: "Bu, hərbi aksiyadan daha çox siyasi aksiya idi. Ermənistanda yaşanan panik vəziyyət də bunu göstərir. Ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyat sübut elədi ki, Dağlıq Qarabağ münaqişəsində iki tərəf var- Azərbaycan və Ermənistan. Türkiyəni çıxmaq şərtilə, qonşu dövlətlərin hamısı demək olar neytral vəziyyətdə dayandı. Ermənistan daxilində vahid komandanlıq deyə bir şey yoxdur. Serj Sarkisyanın özü və komandası vəhşi olduğu qədər sivil insan rolu oynayan artistdir. Keçmiş Qarabağ döyüşçüləri isə artistlik nümayiş etdirə bilmirlər və açıq şəkildə azərbaycanlı, türk düşmənçiliyini göstərirlər. Gələcəkdə keçmiş Qarabağ döyüşçüləri Sarkisyan üçün böyük problem yarada və hətta hakimiyyəti devirə bilərlər. Buna görə də Sarkisyan təşviş içindədir və nə edəcəyini bilmir. Ermənistan rəhbərliyi xalqı uzun müddətə aldada bilməyəcək. Onlar müharibəyə hazırlaşır. Bütün gördükləri hazırlıq işləri bunu göstərir. İtirdikləri əraziləri geri qaytararaq xalqın yanında özlərinə divident qazanmaq istəyən Sarkisyan hakimiyyətinin sonu yaxınlaşır".

Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq aləmin apardığı danışıqlardan imtina edir: "Onlar danışıqların Kazan sənədi ətrafında aparıla biləcəyini deyir amma elə bir sənəd yoxdur. Əslində isə onlar yenilənmiş Madrid prinsiplərindən üz çevirərək danışıqlardan imtina edirlər. 2008-c il Madrid prinsiplərini Ermənistan qəbul etdi, Azərbaycan rədd etdi. 2009-cu il yenilənmiş Madrid prinsiplərini Azərbaycan qəbul etdi, Ermənistan rədd etdi. Kazan görüşü Madrid priniplərinə doğru Azərbaycanın geriyə atdığı addımdır. Bu görüş ortaq məxrəc üçün baş tutmuşdu. Xatırladım ki, bu görüş öncəsi son anda Rusiya XİN rəhbəri bəzi dəyişikliklər edilmiş sənədi masaya qoydu. Ona müvafiq olaraq da Azərbaycan Prezidenti yerindəcə 10 dəyişiklik etdi və təbii ki, də bu Ermənistanı razı salmadı. Görüş uğursuz yekunlaşdı. ATƏT-in Minsk qrupu həmsədrləri həmin sənədi arxivə atmayaraq bununla da Ermənistana çətin vəziyyətdə "yapışacağı saman çöpü" rolu oynayacaq vasitə verdi. Deməli, bu gün müharibənin baş verməsi , vəziyyətin belə gərginləşməsində Ermənistanla birgə ATƏT-in Minsk qrupu da günahkardır və məsuliyyət daşıyır. Hazırda Ermənistanın diplomatik yolu tükənib. Tək çıxış yolu kimi müharibəni görürlər və buna hazırlaşırlar. Azərbaycan isə artıq qalib tərəf kimi müharibəyə çoxdan hazırdır".