İslam ölkələrinin vahid valyutası yaradıla bilərmi? Ekspert ŞƏRHİ

19 Aprel 2016 11:53 (UTC+04:00)

"Hazırda İslam ölkələrinin vahid valyutasının və ya vahid iqtisadi məkanının formalaşması məsələsi gündəmdə deyil. Buna səbəb İslam ölkələrinin mövcud iqtisadi səviyyəsinin fərqli olmasıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, İslam ölkələrində adambaşına düşən ümumi daxili məhsulun həcmi də fərqlidir: "Elə islam dövlətləri var ki, orada adambaşına düşən ümümi daxili məhsulun həcmi 15 min dollar, elə ölkələr də var ki, orada heç 1000 dollar da deyil. Ümumiyyətlə isə, İslam ölkələri arasında adambaşına düşən ümumi daxili məhsulun həcminə görə birinci yeri Qətər tutur. Vahid iqtisadi məkanın yaradılması zamanı bəzən vahid valyutanın yaradılması məsələsi də təklif olunur. Yuxarıdakı göstərilənləri nəzərə alaraq deyə bilərəm ki, islam ökələri arasında vahid iqtisadi məkanın yaradılması hazırki məqamda aktual ola bilməz".

İqtisadçı-ekspertin fikrincə, indiki məqamda İslam ölkələrinin əsas məqsədi dövlətlər arasında əlaqələri daha da genişləndirib, möhkəmləndirməkdən ibarət olmalıdır: "İslam ölkələri arasında mövcud iqtisadi əməkdaşlıq qorunub saxlanmalı, eləcə də bu əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. Tərəflər bir-birini dəstəkləməli, problemlərin həllində həmrəy olub, yaxından iştirak etməyə hazır olmalıdılar".

V. Bayramovun fikrincə, əgər iqtisadi baxımdan İslam ölkələri arasında fərq aradan qalxarsa və iqtisadi sistemin uyğunlaşması reallaşarsa, o zaman bu ölkələr arasında iqtisadi mərkəz formalaşa bilər: "Bura bütün İslam ökələri deyil, yalnız regional olaraq yaxın yerləşən və iqtisadi sistemi, səviyyəsi bir-birinə uyğun ölkələr daxil ola bilər".