"5 ildən sonra hamının evi olacaq" RƏY

19 Aprel 2016 11:07 (UTC+04:00)

"Azərbaycanda sosial evlərin tikilməsi ilə bağlı məsələ uzun müddətdir müzakirə olunurdu və çox sevindirici haldır ki, Türkiyənin, Almaniyanın, ABŞ-ın təcrübəsindən istifadə edərək bizdə də belə evlər tikiləcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Azərbaycanda sosial evlərin tikilməsi ilə bağlı layihəyə start verilməsini yüksək qiymətləndirən millət vəkili söyləyib ki, burada əsasə məqsəd aztəminatlı ailələrin evlə təmin olunmasıdır: "İndiyə qədər Azərbayanda evlər yalnız ipoteka kreditləri ilə verilirdi. 2006-cı ildə Milli Məclis "İpoteka kreditləri" haqqında qanun da qəbul etmişdi. Ötən 10 il ərzində 18 min insan bu qanundan faydalanaraq evlə təmin edilib. Bunun üçün 750 milyon manata yaxın vəsait xərclənib ki, 360 milyon manatı dövlət büdcəsi, qalanı isə kommersiya bankları hesabına həyata keçirilib. Lakin hər kəs ipoteka kreditlərindən yararlana bilmir. İpoteka kreditlərindən yararlanmaq istəyənlər ən azı 500 manat maaş almalıdır. Aztəminatlı ailələrin ipoteka kreditləri əldə etmək şansları yoxdur. Sosial evlərin tikilməsində də əsas məqsəd məhz belə ailələrin evlə təmin olunmasıdır".

V. Əhmədov qeyd edib ki, sosial evlər Azərbaycanda ev problemini yaxın 5 il müddətinə tamamilə aradan qaldıracaq: "Dövlət başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında" fərmanı sosial evlərin tez bir zamanda tikilməsi üçün mühüm adddım idi. Azərbaycan hökuməti ilk növbədə yaradılan agentliyin təsis edilməsi ilə məşğul olacaq. Struktur təsis edildikdən sonra qurumun proqramı müəyyən ediləcək. Sosial evlər yalnız mərkəzlərdə deyil, eləcə də rayonlarda tikiləcək. Çünki, rayonlarda evə ehtiyacı olanların sayı az deyil. Bu, çox önəmli məsələdir".

Millət vəkili söyləyib ki, sosial evlər yalnız gənclər üçün deyil, bütün aztəminatlı ailələrə nəzərdə tutulub: "Ayda təxminən 80-100 manat ödəməklə 25-30 il müddətinə 2,3,4, və ya 5 otaqlı evə sahib olmaq mümkün olacaq. Sosial evlərlə bağlı hüquqi baza da yaradılacaq, hətta bu, qanun layihəsi formasında da ola bilər".