"Miracle" mahnısının iki remiksi təqdim edildi

18 Aprel 2016 19:22 (UTC+04:00)

Azərbaycanı bu il keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində təmsil edəcək Səmra Rəhimli öz promo turu çərçivəsində bu gün Avropadakı azarkeşləri üçün "Miracle" mahnısının iki remiksini təqdim edib. SİA xəbər verir ki, remikslərdən biri Tomas Neverqrin, digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.

Tomas Neverqrin 2010-cı ildə "Eurovision" mahnı müsabiqəsində öz ölkəsini - Danimarkanı təmsil edib. Bununla yanaşı, ifaçının "Since You Have Been Gone" və "Everytime" (I see your smile) kimi mahnıları bir neçə dəfə Şərqi Avropanın ən çox dinlənən on mahnısı sırasına daxil olub.

Tomas Neverqrin Səmra Rəhimli ilə əməkdaşlığı barədə bunları deyib: "Bu il mən "Miracle" mahnısının remiksini hazırlamaq fürsətini əldə etdim. Bu gözəl mahnı gənc azərbaycanlı ifaçı Səmra tərəfindən oxunur. Stokholmda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində ona uğurlar arzu edirəm".