Bakının bəzi yerlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18 Aprel 2016 17:41 (UTC+04:00)

Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakının bir-neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rənglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilir.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, yalnız işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).

Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək. İşlərin aparıldığı ərazilər:

1. Tbilisi prospekti - "İzmir" dairəsindən "20 Yanvar" dairəsinədək olan hissə (hər iki istiqamət);

2. Ziya Bünyadov prospekti - "Xutor" yol qovşağından "20 Yanvar" dairəsinədək olan hissə (hər iki istiqamət);

3. Moskva prospekti - əsas yol və yan yollar, yəni "Şamaxinka" deyilən ərazi (hər iki istiqamət);

4. "Biləcəri enişi" və "Biləcəri" dairəsi;

5. Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsi.