İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə tanışlıq SƏS TV

18 Aprel 2016 16:13 (UTC+04:00)

Bu gün baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iş fəaliyyəti və burada əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. SİA-nın məlumatına görə, Əli Əhmədov öncə Agentliyin ofisində yaradılan şəraitlə tanış olub, işçilərə öz tövsiyələrini verib.

Tanışlıq çərçivəsində jurnalistlərə müsahibə verən baş nazirin müavini bildirib ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq fəaliyyətə başlayıb və ilk addımlarını atmaqdadır: "İlk mərhələdə təbii ki, qurumun özünün yaradılması vəzifəsi həyata keçirilməli, işin səmərəli təşkil olunması üçün müvafiq mütəxəssislər cəlb olunmalıdır. Əlbəttə agentliyin strukturu tam formalaşmayıb, prosses davam edir. Növbəti mərhələdə paralel olaraq Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar çox ciddi işlər həyata keçiriləcək. Bu sahədə də xeyli işlər görülüb, müəyyən konsepsiya demək olar ki, hazırlanıb və üzərində iş gedir. Dünyanın ayrı-ayrı ölkələrində icbari tibbi sığorta sistemi ilə əlaqədar təcrübənin öyrənilməsi və Azərbaycanda hansı modelin tətbiqi daha məqsədəuyğun olması məsələsini araşdırmaq üçün beynəlxalq ekspert qrupları ölkəmizə dəvət edilib. Hazırda qrup ölkəmizdə işləməkdədir və sistemi tətbiq etmək üçün hansı imkanların, resursların mövcud olduğunu araşdırırlar. Dəyərləndirmələr müəyyən olunduqdan sonra konkret olaraq Azərbaycanda hansı icbari tibbi sığorta modelinin tətbiq edilməsi sualı müəyyənləşəcək. Daha sonra isə praktik olaraq icbari tibbi sığorta sistemi ölkəmizdə tətbiq olunacaq. Belə bir addımın atılması ilk növbədə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəfi insanların rifah halının daha da yüksəldilməsi, sosial problemlərin tamamilə həll edilməsidir. Prezidentimiz bunu dəfələrlə vurğulayıb ki, həyata keçirdiyimiz siyasətin əsas məqsədi insanlara qayğıdır. Bu konteksdə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi təbii ki, mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, vətəndaşlarımız bunu gözləyirlər və güman edirəm ki, icbari tibbi sığortanın tədbiq edilməsi nəticəsində əhaliyyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaqdır".

Əli Əhmədov qeyd edib ki, agentliyin yaradılmasında ikinci məqsəd səhiyyənin maliyyələşməsinin yeni, daha müasir formasının Azərbaycanda tədbiq olunmasıdır: "Bütün dünyada səhiyyə sistemində belə model tədbiq olunur. Azərbaycan da bu modeli tətbiq etmək niyyətindədir. Belə bir modelin tətbiqində başlıca məqsəd dövlət tərəfindən ayrılan vəsaitlər daha səmərəli şəkildə istifadə olunacaq və bununla da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə töhfə veriləcək. Üçüncü bir məsələ isə sosial ədalət prinsipinin bu sferada daha əhatəli şəkildə tədbiq edilməsinə nail olmaqdır. Azərbaycanda yeni bir iqtisadi sistem mövcuddur və əhalinin müxtəlif kateqoriyaları var. Orta təbəqə formalaşıb, onların kifayət qədər maddi imkanları var. Əhaliyə göstərilən bütün tibbi xidmətlər dövlət tərəfindən ödənilir. Beləliklə də, səhiyyə sistemində maddi imkanı aşağı olan əhali də, maddi imkanı yuxarı olan əhalidir. Eyni dərəcədə dövlət tərəfindən maliyyələşən tibbi xidmətlərdən istifadə edir. Hesab edirəm ki, bu da ədalətli deyil. Ona görə də bu xidməti tətbiq etməklə sosial ədalət prinsipi bu sahədə daha əhatəli şəkildə qorunmuş olacaq. O təbəqə ki, ehtiyacları var, onlara xidmətin göstərilməsi dövlət tərəfindən maliyyələşəcək, sığorta haqları dövlət tərəfindən həyata keçiriləcək. O insanlar ki, sığorta haqlarını ödəməyə maddi imkanları çatır, onlar isə sığorta haqlarının əhəmiyyətli hissəsini özləri ödəyəcək. Əsas etibarı ilə bu üç fundamental vəzifələri həyata keçirməklə Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsinə nail olunacaq".

Baş nazirin müavini ölkəmizdə həyata keçiriləcək sosial evlərin tikilməsi layihəsinə də toxunaraq qeyd edib ki, bu məsələ uzun müddətdir müzakirə olunur və hazırda ən aktual məsələlərdən biridir: "Hazırda sosial evlərin tikintisi məsələsi gündəmdədir və inanırıq ki, yaxın zamanda evlərin tikintisinə başlanılacaq.

Layihənin həyata keçirilməsi üçün ilk növbədə vəsaitlərin cəlb olunması məsələsi həllini tapmalıdır. Düşünürəm ki, bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Sosial evlərin inşasında əsas məqsəd aztəminatlı əhalinin ucuz evlərə sərfəli şərtlərlə sahib olmasıdır. Xüsusilə yeni ailə quran gənclərin mənzilə ehtiyacları böyükdür. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Ona görə də mənzilə ehtiaycı olan lakin azad satışdakı mənzilləri almaq imkanı olmayan insanların məznillə təmin olunmasına dövlət öz dəstəyini göstərir. Sözügedən layihə sosial sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi çox mühüm layihələrdən biridir. Bu, eyni zamanda yeni iş yerləri deməkdir. Belə ki, bina inşasında çoxlu sayda insanlar işləyə biləcək".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev agentlik haqqında geniş məlumat verib və fəaliyyət istiqamətlərindən bəhs edib. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də islahatlar aparılır: "İcabri tibbi sığorta da aparılan islahatların bir parçasıdır ki, bu əsasən səhiyyənin maliyyələşməsi ilə əlaqədardır. Hal-hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb. Komandamızı formalaşdırmaqla yanaşı, həm də digər təşkilati məsələlərin həlli istiqamətində də işlərimizi davam etdirməkdəyik. Demək olar ki, təşkilati məsələlərin böyük bir qismi artıq öz həllini tapıb. Bizimlə ölkənin bir neçə qurumunun peşəkar ekspertləri çalışır. Bununla yanaşı xarici ekspertlər də bizimlə əməkdaşlıqda maraqlıdır. Yaxın beş həftə ərzində modelin əsas mərhələlərini müəyyən edəcəyik. Buraya əsas iki məsələ aiddir. Birincisi model necə olacaq? İkincisi isə keçid layihəsi. Keçid layihəsi deyəndə o nəzərdə tutulur ki, Azərbaycanda hazırda pulsuz səhiyyə xidməti mövcuddur və vətəndaşlarımız bundan yararlana bilirlər. Sadəcə təcrübə onu göstərir ki, dövlət tərəfindən ayrılan vəsait bu işlərin həyata keçirilməsi üçün kifayət deyil. Ona görə də bəzi neqativ hallar müşahidə edilir. Amma icbari tibbi sığortanın tətbiqi zamanı səhiyyə sahəsinə daha çox vəsait ayrılacaq. Biz istəyirik ki, keçid dövrünü vətəndaşlarımız rahat şəkildə keçə bilsinlər. Ekspertlərlə məhz bunun üzərində işləyirik. Bu pilot layihə də ola bilər. Pilot layihə konkret region və yaxud da sosial qruplar üçün həyata keçirilə bilər. Təkliflər var ki, hansısa xəstəliyə aid edilsin və ya xəstəxana şəbəkəsində tətdbiq olunsun. Yaxın günlərdə bütün sualların cavabı veriləcək və ictimaiyyət məlumatlandırılacaq".

Sonda Agentliyin ekspertləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

İntizarə Məmmədova