Əkin sahələrində partlamamış döyüş sursatları tapılıb SƏS TV

18 Aprel 2016 14:43 (UTC+04:00)

Aprel ayında cəbhədə baş verən son hərbi əməliyyatlardan sonra təmas xəttinə yaxın kəndlərin ərazisində qarşı tərəfdən atılan onlarla partlamamış döyüş sursatları da tapılıb. Döyüş sursatları əsasən əkin sahələrində aşkar edilib. Bu barədə məlumatı Tərtər rayon icra hakimiyyətinin FHK sədr müavini İlqar Musayev verib. İ.Musayev bildirib ki, vəziyyət son dərəcə təhlükəli olduğundan kənd sakinləri əkin sahələrinə çıxa bilmir. Xüsusi ilə texnikaların təsərrüfat sahələrində işləməsi olduqca təhlükəlidir. Bu səbəbdən rayon icra hakimiyyəti aidiyyəti qurumlara məlumat verib.

Hazırda ərazilərin minalardan təmizlənməsi üzrə milli agentliyin əməkdaşları təmas xəttinə yaxın yerləşən əkin sahələrində əməliyyat axtarış tədbirləri aparır. Bu günə qədər əkin sahələrindən 30-dan çox partlamamış hərbi sursat aşkar edilib. ANAMA tərəfindən partlamamış döyüş sursatlarının bəziləri yerində, daşınması mümkün olanları isə poliqona gətirilərək zərərsizləşdirilib.