Əli Əhmədov: "Vətəndaşlarımız bunu gözləyirlər" AÇIQLAMA

18 Aprel 2016 13:40 (UTC+04:00)

"Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq fəaliyyətə başlayıb, ilk addımlarını atmaqdadır. İlk mərhələdə təbii ki, qurumun özünün yaradılması vəzifəsi həyata keçirilməli, işin səmərəli təşkil olunması üçün müvafiq mütəxəssislər cəlb olunmalıdır. Əlbəttə agentliyin strukturu tam formalaşmayıb, prosses davam edir". Bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, növbəti mərhələdə paralel olaraq Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar çox ciddi işlər həyata keçiriləcək: "Bu sahədə də xeyli işlər görülüb, müəyyən konsepsiya demək olar ki, hazırlanıb və üzərində iş gedir. Dünyanın ayrı-ayrı ölkələrində icbari tibbi sığorta sistemi ilə əlaqədar təcrübənin öyrənilməsi və Azərbaycanda hansı modelin tətbiqi daha məqsədəuyğun olması məsələsini araşdırmaq üçün beynəlxalq ekspert qrupları ölkəmizə dəvət edilib. Hazırda qrup ölkəmizdə işləməkdədir və sistemi tətbiq etmək üçün hansı imkanların, resursların mövcud olduğunu araşdırırlar. Dəyərləndirmələr müəyyən olunduqdan sonra konkret olaraq Azərbaycanda hansı icbari tibbi sığorta modelinin tətbiq edilməsi sualı müəyyənləşəcək. Daha sonra isə praktik olaraq icbari tibbi sığorta sistemi ölkəmizdə tətbiq olunacaq. Belə bir addımın atılması ilk növbədə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəfi insanların rifah halının daha da yüksəldilməsi, sosial problemlərin tamamilə həll edilməsidir. Prezidentimiz bunu dəfələrlə vurğulayıb ki, həyata keçirdiyimiz siyasətin əsas məqsədi insanlara qayğıdır. Bu konteksdə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi təbii ki, mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, vətəndaşlarımız bunu gözləyirlər və güman edirəm ki, icbari tibbi sığortanın tədbiq edilməsi nəticəsində əhaliyyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaqdır".

Əli Əhmədov qeyd edib ki, agentliyin yaradılmasında ikinci məqsəd səhiyyənin maliyyələşməsinin yeni, daha müasir formasının Azərbaycanda tədbiq olunmasıdır: "Bütün dünyada səhiyyə sistemində belə model tədbiq olunur. Azərbaycan da bu modeli tətbiq etmək niyyətindədir. Belə bir modelin tətbiqində başlıca məqsəd dövlət tərəfindən ayrılan vəsaitlər daha səmərəli şəkildə istifadə olunacaq və bununla da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə töhfə veriləcək. Üçüncü bir məsələ isə sosial ədalət prinsipinin bu sferada daha əhatəli şəkildə tədbiq edilməsinə nail olmaqdır. Azərbaycanda yeni bir iqtisadi sistem mövcuddur və əhalinin müxtəlif kateqoriyaları var. Orta təbəqə formalaşıb, onların kifayət qədər maddi imkanları var. Əhaliyə göstərilən bütün tibbi xidmətlər dövlət tərəfindən ödənilir. Beləliklə də, səhiyyə sistemində maddi imkanı aşağı olan əhali də, maddi imkanı yuxarı olan əhalidir. Eyni dərəcədə dövlət tərəfindən maliyyələşən tibbi xidmətlərdən istifadə edir. Hesab edirəm ki, bu da ədalətli deyil. Ona görə də bu xidməti tətbiq etməklə sosial ədalət prinsipi bu sahədə daha əhatəli şəkildə qorunmuş olacaq. O təbəqə ki, ehtiyacları var, onlara xidmətin göstərilməsi dövlət tərəfindən maliyyələşəcək, sığorta haqları dövlət tərəfindən həyata keçiriləcək. O insanlar ki, sığorta haqlarını ödəməyə maddi imkanları çatır, onlar isə sığorta haqlarının əhəmiyyətli hissəsini özləri ödəyəcək. Əsas etibarı ilə bu üç fundamental vəzifələri həyata keçirməklə Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsinə nail olunacaq".