"Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilir

18 Aprel 2016 12:27 (UTC+04:00)

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın xəbəriə görə, iclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ölkə başçısı respublikada iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar olaraq sistemli tədbirlər həyata keçirir və Milli Məclisin, eləcə də komitənin son 3 aylıq fəaliyyətində əsas yeri Azərbaycanın yeni iqtisadi şəriatinə uyğun olaraq iqtisadi və hüququ qanunvericilikdə bir sıra köklü dəyişkliklərin edilməsi tutub: "Son 3 ay ərzində çoxlu sayda qanuna dəyişiklik edilib. Bütövlükdə bu qanunlar Azərbaycanın iqtisadi həyatında yeni mənzərə yaradıb ki, bunun da ab-havası gündən-günə hiss olunur. Yəni ölkənin iqtisadi islahatların dərinləşməsi, yeni iş yerlərinin yaradılması və bütövlükdə qeyri-neft sektorunun üstün inkişafına aparan istiqamətlərdir. İqtisadi islahatların daha da dərinləşməsi və Azərbaycanın qlobal risklər şəraitində öz iqtisadiyyatının dinamik və davamlı inkişafı üçün şərait yaradılır".

Daha sonra iclasda "Gömrük tarifi haqqında" qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Təklif edilən dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilirlər.

İclasda həmçinin "Sosial sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində, "Gömrük tarifi haqqında" qanun layihəsində və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində də eyni maddə üzrə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

Məlumat üçün bildirək ki, "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.