Aprelin 23-də "Qız qalası" rəsm qalereyasında gənc və istedadlı rəssam Aydan Buniyatovanın "Bax belə" adlı ilk fərdi sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə görə, sərgidə rəssamın əhatəsində olan insanların portretləri nümayiş olunacaq. Buna baxmayaraq, o, özünü portretçi adlandırmır. İşləri müasirlərinin mürəkkəb tale və xarakterlərinin ifadəsindən daha çox onun impulsiv və coşqun temperamentini əks etdirir. Onun şəkillərinin döyünən ekspressiyasının sirri rəng, işıq və teksturanın qarışığındadır. Aydan geniş ümumiləşmiş müstəviləri asan və sərbəst yapan kiçik və inamlı cizgilərlə portret etüdünün kompozisiyasını ifadəli şəkildə həll etməklə, nəinki formanı inandırıcı şəkildə çıxarmağı bacarır, həm də müxtəlif adamların daxili aləmlərini kəskin surətdə açır.
Qeyd edək ki, sərgi aprelin 26-dək davam edəcək.