“Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” YENİLƏNİB - SƏS TV

16 Aprel 2016 15:00 (UTC+04:00)

Bu gün Azərbaycan Universiteti (AU), AMEA-nın A.A.Bakıxanov adına Tarix İntitutu, Türkiyənin Anadolu Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai birliyi və "Səs" Media Qrupu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III beynəlxalq elmi konfrans keçirib. SİA-nın məlumatına görə, tədbirdə AU-nun rektoru Fərid Əhmədov, Türkiyənin Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, GEAD İB-nin sədri Məmmədəli Babaşlı, Səs İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev, universitet tələbələri və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq qonaqlar universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.

Tədbirdə türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlardan və erməni işğalçılarının məkrli planlarından söhbət açılıb.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqları salamlayan AU-nun rektoru Fərid Əhmədov çıxış edərək deyib ki, soyqırımı cinayət olduğundan cinayətin məhkəmədə sübuta yetirilməsi çox vacibdir: "Soyqırımı məhkəmədə sübuta yetirilmədikdə isə şübhəsiz ki, onu soyqırımı kimi adlandırmaq bir qədər çətindir. Bunu nəzərə alaraq tarixdə yəni ötən əsrin əvvəllərində baş vermiş qətliamlar praktiki nöqteyi-nəzərindən soyqırım kimi tövsif olunması çox çətindir. Çünki insanlar artıq dünyasını dəyişib və həmin zamanda olan şahidlər artıq yoxdur. Bəzi faktları araşdırıb üzə çıxarmaq bir qədər çətinliklər yarada bilər".

Türkiyənin Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, ermənilərin tarix boyu türklərə qarşı apardığı düşmənçilik və soyqırım siyasətindən bəhs edərək qeyd edib ki, torpaqlarına təcavüz olunduqdan sonra da Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirir.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev deyib ki, biz bəzən soyqırımının genosid kimi sübut edilməsində deqlizmə yol veririk: "Məsələn, qətliamla soyqırım arasında kəskin sərhəd qoyulur. Əslində hüquqi cəhətdən bunların arasında fərq olsa da, yəni qətliam hər hansı bir şəhərin, kəndin milli mənsubiyyətinə görə deyil, ancaq qalibiyyət xatirinə qırılmasını özündə ehtiva edirsə, genosid və soyqırım terminləri konkret bir topluma milliyyətinə, dininə, etnik təmsilçiliyinə görə törədilmiş kütləvi qırğın aid edilir. Baxmayaraq ki, bizim Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırımı anlayışı var.

Aparat rəhbəri deyib ki, qətliam bütün bəşər tarixinə qarşı yönələn vəhşilik və yaddaşlarda iz buraxan qanlı hadisədir. O həmçinin Xocalı soyqırımının ilk dəfə beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı Ulu Öndər Heydər Əliyevin gördüyü işləri xatırladıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, soyqırımı dedikdə ancaq bir xalqın və yaxud da bir dövrdə olan soyqırımı nəzərdə tutulmur: "Tarixən bu böyük dünyaya qarşı törədilən soyqırımları öyrənməliyik və yaxud bununla bağlı bir sistem yaratmalıyıq. Hesab edirəm ki, siz bu konfransla artıq bunun əsasını qoymusunuz. Artıq bu sistemləşdirilməli və konkret bir tarixi dövr götürülməlidir. Burada ümumi cəhətləri axtarmağı bacarmalıyıq. Əlbəttə ki, bu istiqamətdə Azərbaycan elmi öz sözünü deyir".

GEAD İB-nin sədri Məmmədəli Babaşlı təmsil olunduğu qurumun soyqırımla bağlı gördüyü işlərdən danışıb: "Dövlətimizin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Biz də ictimai birlik olaraq bu sahədə üzərimizə düşən işi layiqincə yerinə yetirməyə hazırıq".

Daha sonra Azərabycan Universitetinin "İctimai elmlər" kafedrasının professoru Qabil Əliyev, Anadolu Universitetinin "Tarih öğretim üyesi" sn. Mehmet Topalın, AMEA-nın A.A.Bakıxanov adına Tarix İntitutunun baş elmi işçisi Vaqif Abışov, Azərabycan Universitetinin "İctimai elmlər" kafedrasının professoru Anar İsgəndəov mövzu ətrafında fikirlərini bölüşüblər.