Paytaxtın daha bir küçəsi təmir olunur FOTOLAR

16 Aprel 2016 13:07 (UTC+04:00)

Bakının Xətai rayonu Sadıqcan küçəsində təmir-tikinti işlərinə başlanılıb. "Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, küçənin uzunluğu 1 kilometr, ortalama eni isə 15 metrdir. ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə küçənin 15 min kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min p/m yeni səki daşı düzüləcək.

Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sitemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri də aparılacaq.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.