Erməni idmançını rinqə çıxmağa peşman oldu

16 Aprel 2016 02:51 (UTC+04:00)

Azərbaycan boksçusu Cavid Çələbiyev Türkiyənin Samsun şəhərində keçirilən, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa təsnifat turnirinin yarımfinalında ermənistanlı idmançıya qalib gələrək Olimpiadaya lisenziya qazanıb. Turnirin yarımfinalında Azərbaycanın beş boksçusu mübarizə aparır. Kişilərin yarışında dünya çempionu Cavid Çələbiyev (56) 2013-cü il Avropa çempionatının bürünc mükafatçısı, ermənistanlı Aram Avaqyan ilə qarşılaşıb. O, rəqibi üzərində inamlı qələbə qazanaraq finala yüksəlməklə yanaşı, "Rio-2016"ya vəsiqəni də təmin edib.

Turnirdə 64 kiloqram çəki dərəcəsində çıxış edən Lorenso Sotomayor türkiyəli Batuhan Gözgeci məğlub edib.

Qadın boksçularımızdan Yana Alekseyevna (60 kq) irlandiyalı idmançı, Olimpiya, dördqat dünya və beşqat Avropa çempionu, "Bakı-2015" birinci Avropa Oyunlarının qalibi Keti Taylor ilə qarşılaşıb. Güclü rəqibi üzərində qələbə qazanan Yana Alekseyevna da finala yüksələrək "Rio-2016"ya lisenziyanı təmin edib.

Turnirin axşam sessiyasında isə ağır çəkidə mübarizə aparan boksçularımız rinqə çıxacaqlar.

Abdulqadir Abdullayev (91 kq) böyük britaniyalı Laurens Okoli ilə qarşılaşacaq. Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində isə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov türkiyəli Ali Eren Demirezen ilə üz-üzə gələcək. Xatırladaq ki, A.Demirezen "Bakı-2015"də dörddəbir finalda məhz M.Məcidov ilə qarşılaşmışdı. Azərbaycan təmsilçisi qalib gəlsə də, zədələndiyi üçün yarımfinal görüşünü buraxmalı olmuşdu.

Qaydalara görə, hər çəki dərəcəsi üzrə ilk üç yerin sahibi "Rio-2016"ya lisenziya qazanacaq. Üçüncü yerin sahibləri isə yarımfinalda məğlub olan idmançıların mübarizəsi nəticəsində müəyyənləşəcək. Bürünc medal uğrunda görüşlər aprelin 16-da, final qarşılaşmaları isə 17-də keçiriləcək.

Ötənilki dünya çempionatında Azərbaycanın üç boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) "Rio-2016"ya lisenziya qazanıb. Bununla da Azərbaycan idmançılarının qazandıqları lisenziyaların sayı 36-ya çatıb.