İki bank birləşəcək

15 Aprel 2016 19:35 (UTC+04:00)

Lisenziyaları Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılan "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın birləşdirilməsi ilə bağlı qərar aprelin 26-da qəbul olunacaq. SİA xəbər verir ki, bunu "Qafqaz İnkişaf Bankı"nın Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.

Birləşmə barədə qərar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi. Bununla əlaqədar banklardan birinin lisenziyası bərpa olunmalıdır, lakin Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib.

E.İsmayılovun sözlərinə görə, məhkəmənin qərarından şikayət verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin iclası aprelin 26-da baş tutacaq: "Ümid edirik ki, qərar xeyrimizə qəbul ediləcək".

Mərkəzi Bankdan verilən məlumatda qeyd olunur ki, AMB 08 fevral 2016-cı il tarixində "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ASC-nin iflas proseduruna başlanılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi: "1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2016-cı il tarixli qərarı ilə sözügedən bankların birləşməsi barədə qərar qəbul edilib. Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib. İş hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır".