200 nəfər qanvermə aksiyasında iştirak edib

15 Aprel 2016 19:11 (UTC+04:00)

Aprelin 15-də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günündə münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda könüllü qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, həkim briqadasının nəzarəti altında keçirilən aksiyada təxminən 200 nəfər, o cümlədən YAP Nəsimi rayon təşkilatının rəhbər heyəti könüllü qan verib.

Təşkilatın sədri Məlahət İbrahimqızı qana ehtiyacı olanlara kömək etmək üçün gələn adamlara təşəkkürünü bildirib. O, Z.Əliyevanın fəaliyyət və xidmətlərindən danışıb. Qeyd edib ki, hər il keçirilən bu cür tədbirlər ənənəyə çevrilib və Z.Əliyevanın xatirəsinə ehtiramın ifadəsidir. Təşkilatın təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində qan verənlərin sayı ildən-ilə çoxalır.

Sonra toplaşanlar görkəmli alimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplanmış qan laboratoriyada yoxlandıqdan sonra təyinatı üzrə istifadə ediləcək.