ADU-da Əjdər Ağayevlə görüş keçirildi

15 Aprel 2016 16:51 (UTC+04:00)

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya Mərkəzinin və Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirovun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayevlə görüş keçirildi.

ADU-dan SİA-ya verilən məlumata görə, öncə aprel ayının ilk günlərində təmas xəttində erməni təxribatı nəticəsində baş verən döyüşlərdə Şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edən Vidadi Bəşirov Azərbaycanda həm pedaqogikanın, həm də təhsilin inkişafında böyük xidmətləri olan Əjdər Ağayevi iştirakçılara təqdim etdi. O, toplantının Əjdər Ağayevin müəllifi olduğu kitablarının təqdim edilməsi, həmçinin universitetin professor-müəllim və tələbə heyətinin onunla görüşməsi baxımından təqdirəlayiq haldır–deyə söylədi. Ə.Ağayevin müəllimlər müəllimi adlandırıldığını deyən V.Bəşirov onun, eyni zamanda əməkdar müəllim, şair, publisist, məhsuldar tədqiqatçı, təhsil eksperti, elmi-nəzəri konseptual ideyalara imza atan bir şəxsiyyət olduğunu diqqətə çatdırdı. Sonda V.BəşirovƏjdər Ağayevə möhkəm can sağlığı, yaradıcı fəaliyyətində uğurlar arzuladı.

ADU-da olmaqdan məmnunluğunu dilə gətirənƏjdər Ağayev belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdi. O, Azərbaycan Dillər Universiteti ilə sıx əlaqələrinin olduğunu, bu mənada universitetin kitabxanası üçün kitablar gətirdiyini bildirdi. 55 il ərzində yazdığı əsərlərin xeyli qisminin həmin kitablarda yer aldığını vurğulayan Ə. Ağayev bu işdə əsas məqsədin materialların toplu şəkildə kitabxanalarda saxlanılmasına xidmət etdiyini diqqətə çatdırdı.

Əjdər Ağayev öz həyat və yaradıcılığı, iş fəaliyyəti haqqında danışarkən dövlət televiziyasında, pedaqoq kimi müxtəlif təhsil müəssisələrində çalışmasından, xidmətləri qarşılığında öz yaşına görə ən gənc Prezident təqaüdçüsü adına layiq görülməsindən bəhs etdi. O, həmçinin cəmiyyət və təhsilin bir-birinə qarşılıqlı təsiri, pedaqoji işin çətinliyi, əsl pedaqoq kimi formalaşmağın müəllimlik sənəti ilə birbaşa bağlı olması, müəllimlik keyfiyyətləri, təhsil sistemində gedən proseslər, kurrikulum və test sistemi haqqında öz fikirlərini iştirakçılarla bölüşdü. Çıxışının sonunda Ə. Ağayev müəllifi olduğu şeirləri səsləndirdi.

Sonda iştirakçılar tərəfindən ünvanlanan suallar Ə. Ağayev tərəfindən cavablandırıldı.