Həmkarlar İttifaqı 110 illiyini qeyd edib

15 Aprel 2016 16:30 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərkibində olan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının yaranmasının 110 illiyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdən öncə dövlət himni səsləndirilib və torpaq uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

İttifaqın sədri Cəmilə Səttarova qurumun fəaliyyəti müddətində icra etdiyi işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

O, həmçinin, Azərbaycanda "Multikulturazlizm ili"nin olduğunu vurğulayaraq, Prezident İlham Əliyevin siyasi fəaliyyətində bu anlayışın əsas istiqamət olduğunu bildirib. Cəmilə Səttarova çıxışında XX əsrin əvvəllərində həmkarlar ittifaqlarının yaranıb təşkilatlanmasının həmin dövrdə sənayenin güclü inkişafı, iqtisadi potensialın durmadan artması və bunun müqabilində güclü fəhlə ordusunun yaranması ilə sıx bağlı olduğunu qeyd edib: "Azərbaycanda ilk həmkarlar ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları tərəfindən yaranmağa başladı. 1904-cü ilin 13-30 dekabrında Bakı fəhlələrinin ümumi tətili nəticəsində həmkarlar ittifaqının hərəkatı tarixində ilk dəfə olaraq, dekabrın 30-da "Elektriçeskaya sila" zavodunda böyük fəhlə kütləsinin əhatəsində imzalanan kollektiv müqavilə sonralar "Mazut Konstitusiya" adı ilə tarixdə məşhurlaşdı. Tarixi sənədlərə əsasən, Bakı çapçılarının həmkarlar ittifaqı 1905-ci ildən mövcuddur. Lakin, bu ittifaqın yaranma vaxtı 1903-cü ilə təsadüf edir.

Hazırda təşkilata üzv olan işçilərin sayı 55 minə yaxındır. Təşkilatın ölkənin bütün şəhər və rayonlarında yerli komitələri mövcuddur".

Çıxışının sonunda İttifaqın sədri rəhbərlik etdiyi komitənin bir neçə müvafiq beynəlxalq qurumun üzvü olduğunu söyləyib.