Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) təşkilatçılığı və dəstəyi ilə Türkiyənin Hak-iş Konfederasiyasının Başqanlıq Kurulu Toplantısı baş tutub. SİA-nın verdiyi xəbərə görə, toplantıda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev, Hak-iş başqanı Mahmut Arslan, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, türkiyəli iş adamları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Hak-iş başqanı Mahmut Arslan iki qurum arasında yüksək əməkdaşlıq səviyyəsindən danışaraq Azərbaycan və Türkiyənin hər zaman bir-birinə dəstək olduğunu söyləyib.
O bildirib ki, bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə yönəlmiş petisiyaya dəstək məqsədilə bütün Hak-iş qurumları səfərbər edilib: "Çox sevindirici haldır ki, 100 min imzanın kifayət etdiyi petisiyada artıq 130 mindən çox imza toplanıb. Dəstəyimiz sona qədər olacaq. Aprel ayının sonlarına qədər imzaların sayını 500 min etməyi planlaşdırırıq".
Çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev Hak-iş Konfederasiyasına göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib. Əməkdaşlıq səviyyəsindən məmnunluq duyduğunu deyən sədr Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib.
Bu günlərdə Azərbaycan Ordusunun qazandığı uğurlara toxunan AHİK sədri belə həssas dövrdə də qardaş Türkiyənin hərtərəfli dəstək nümayiş etdirdiyini bildirib. Əmin olduğunu bildirib ki, bu dostluq qardaşlıq əbədiyyətə qədər davam edəcək.
Digər çıxış edənlər də Türkiyə və Azərbaycanın bütün sahələrdə yüksək səviyyəli əlaqələrə malik olduğundan, iki dövlətin qarşılıqlı dəstəklərinin bundan sonra da davam edəcəyinə heç bir şübhənin olmadığından danışıblar.