Təhsil naziri azərbaycanlı tələbələrlə görüşdü

14 Aprel 2016 23:49 (UTC+04:00)

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər.

Nazir gənclərə Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi və humanitar əlaqələrdən, ölkəmizdə son illər iqtisadi və siyasi sahələrdə qazınılan nailiyyətlərdən, rus dilində təhsilin inkişafı və digər mühüm məsələlərdən danışıb. Qeyd edib ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənclərimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdırlar. Son günlər Dağlıq Qarabağda baş verən hadisələr zamanı dünyanın böyük dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləməsinin Prezident İlham Əliyevin düzgün xarici siyasətinin nəticəsi olduğunu söyləyən M.Cabbarov bu siyasətin xarici ölkələrin ictimaiyyətinə çatdırılmasında diasporların, xüsusilə də gənclərin rolunu vurğulayıb. Nazir Moskvaya səfəri çərçivəsində Rusiya Təhsil Akademiyasında və Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Rusiya Federal Agentliyində görüşlər keçirdiyini, Rusiya Təhsil Nazirliyi ilə təhsil və elm sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdiyini qeyd edib.

Mikayıl Cabbarov tələbələrin suallarına cavab verərək xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur. Bu sahədə qanunvericilikdə bir dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək və yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir.

Nazir, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaş təhsil alır və onların yarısından çoxu Çindən gəlib. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün heç bir maneə yoxdur.

Təhsil naziri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə müəllimlərin əməkhaqqının iki dəfə, dərs yükünün 50 faiz artırılması təhsilə və ölkənin gələcəyinə ən böyük töhfədir. Bundan əlavə, Azərbaycanda məktəb direktorlarının seçilməsinin şəffaf sisteminin də qurulduğunu deyən nazir bu vəzifələrə namizədlərin bilik və bacarığının əsas götürüldüyünü diqqətə çatdırıb.

Nazir Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirərək deyib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.