İlham Əliyev BMT Baş katibinin müavini ilə görüşüb

14 Aprel 2016 23:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltman ilə görüşüb. Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirilib. Azərbaycanın BMT ilə birgə bu il Bakıda təşkil edəcəyi Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirildi. Foruma hazırlıq prosesinin başa çatmaqda olduğu vurğulanıb, tədbirlə bağlı bir sıra təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı BMT-nin Baş katibi Pan Gi Munun VII Qlobal Forumda iştirakının mühüm əhəmiyyət daşıyacağı, bunun Azərbaycan və region üçün önəmli hadisə olacağı qeyd edilib. BMT Baş katibinin Azərbaycana səfərinin sülh, sabitlik, təhlükəsizlik məsələləri ilə bağlı dünyaya mühüm mesaj olacağı da vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Pan Gi Munun Bakıda bu münaqişənin həlli, habelə Ermənistanın təxribatçı əməllərinin qarşısının alınması ilə bağlı verəcəyi mesajın mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırılıb.