"Аzərişıq" ​yeni ofis binasını istifadəyə verdi

14 Aprel 2016 21:58 (UTC+04:00)

"Аzərişıq" ASC-nin "Şimal" Regional Enerji Təchizatı və Satışı İdarəsinin yeni inzibati binası Xızı rayonunda tikilib və abonentlərin istifadəsinə verilib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ofis binasında elektrik şəbəkəsinin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə Göyçay, Biləsuvar, Şəki rayonları, Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilib.