Vergi orqanlarına 24 668 müraciət daxil olub

14 Aprel 2016 20:53 (UTC+04:00)

Bu ilin birinci rübü ərzində vergi orqanlarına 24 668 müraciət daxil olub. Onlardan 97,2%-i ərizə, 2,6%-i şikayət, 0,2%-i təklifdir. SİA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, müraciətlərin 54,4%-i müxtəlif arayışların alınması, 15,2%-i kameral vergi yoxlamaları, 8,3%-i vergi borcları, 2,1%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,8%-i vergi qanunvericiliyi, 1,0%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2%-i korrupsiya hüquqpozmaları, 14,3%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 78,9%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 20,2%, ötən ilin dördüncü rübü ilə müqayisədə isə 41,4% azalıb.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 848 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 25 fevral 2016-cı il tarixdə vergilər naziri tərəfindən Oğuz rayonunda 37 vətəndaş qəbul edilib.