Azərbaycan Vaşinqton forumunda təmsil olunacaq

14 Aprel 2016 20:12 (UTC+04:00)

Aprelin 14-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqla görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatına dair məlumat verilib, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, eləcə də ABŞ-ın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatlara dəstək imkanlarına dair müzakirələr aparılıb.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və ABŞ arasında əlaqələr təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə uğurla davam etdirilir. ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) də öz töhfəsini verir. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini qeyd edən Ş.Mustafayev Azərbaycan Prezidentinin Nüvə Sammitində iştirak etmək məqsədilə ABŞ-a səfərinin və keçirdiyi görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. ABŞ nümayəndə heyətinin Azərbaycana hazırkı səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına göstərilən diqqətin göstəricisidir.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir hazırkı iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının, biznes və investisiya mühitinin yaxşılaşdırılmasının, sahibkarlara dəstək tədbirlərinin daha da gücləndirilməsinin prioritet olduğunu bildirib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, yerli istehsala dəstək artırılıb, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib və bu cür tədbirlər davamlı olaraq həyatra keçirilir.

Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Ş.Mustafayev Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlərin görüldüyünü bildirib, USAID və ABŞ-ın digər qurumları ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılmasını təklif edib.

Apreldə Vaşinqtonda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumunun keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan Ş.Mustafayev daşımalar sahəsində fəaliyyət göstərən ABŞ şirkətlərinin bu dəhlizdən istifadə imkanlarını diqqətə çatdırıb. Bundan başqa, investisiya qoyuluşu, sənaye, xüsusilə də neft maşıqayırması sahəsində birgə müssisənin yaradılması, əczaçılıq, kənd təsərrüfatı, turizm, İKT, ticarət sahələrində də əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini K.Tonq Azərbaycanın iqtisadi sahədə gördüyü işləri müsbət qiymətləndirib, aparılan islahatların ABŞ tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Görüşdə səsləndirilmiş əməkdaşlıq təkliflərinin ABŞ üçün maraqlı olduğunu qeyd edən K.Tonq Azərbaycanın kənd təsərrüfatı məhsullarının ABŞ bazarlarına çıxarılması sahəsində işlərin genişləndirilməsinin, bu sahədə ABŞ Ticarət Palatası ilə əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Vaşinqtonda keçiriləcək forum da ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.