Tahir Gözəl: "Bu il Avropada adımızdan söz etdirmək bizim üçün çox önəmlidir" MÜSAHİBƏ

14 Aprel 2016 17:42 (UTC+04:00)

"Son günlər cəbhədə gedən döyüşlərdə şəhidlər verdik, yaralılarımız var. Bizim burada rahat oturmağımız üçün onlar öz canlarından keçirlər". SİA-nın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl bu gün jurnalistlərlə söhbətində deyib.

O, cəbhə xəttində gedən döyüşlərdən sonra klubu ziyarət etdiyini və müəyyən tapşırıqlar verdiyini bildirib:

- Klubla görüşümdə cəbhədə baş verənlərə çox həssas yanaşmalı olduğumuzu dedim. Bu, bizə çox böyük məsuliyyət verir. Arxayınlaşmamalıyıq. Daha da irəli getməliyik. Bu il avrokuboklardakı çıxışımız "Qarabağ"ın tarixində ən əhəmiyyətli oyunlardan olacaq. Avropaya başa salmalıyıq ki, dünyada yeganə klubuq ki, bayrağımız var, ancaq oynamaq üçün torpağımız yoxdu. Bizim mesajımız yalnız budur: öz torpağımızda futbol oynamaq istəyirik. Futbolçular da yaxşı olacağına söz verdilər. Hər biri qeyd etdiyim məsuliyyəti dərk edir.

- Çempionatda rəqabət istənilən kimi deyil. Bu, "Qarabağ"ın avrokuboklardakı çıxışına necə təsir edəcək?

- UEFA-da bizim komanda haqda danışırlar. Belə bir fikir yaranıb ki, "Qarabağ"la Bakıdakı oyundan sağ çıxmaq olmur. Təbii ki, burada azarkeş amili əsas rol oynayır. İnanıram bizi yenə 30 min azarkeş dəstəkləyəcək. Qurban Qurbanovun üzərinə böyük yük düşəcək.

- Avropada sizin üçün ən böyük uğur nə sayıla bilər?

- Artıq hədəfimiz Çempionlar Liqasının qrupudur. Həm futbolçulara, həm Qurban Qurbanova tapşırmışam ki, bu il Avropada adımızdan söz etdirmək bizim üçün çox önəmlidir.

- Komandanızın böyük azarkeş ordusu var. "Qarabağ" avrokuboklar zamanı ev oyunlarını Olimpiya stadionunda keçirə bilər?

- Özümə sual verirəm ki, 30 minlik stadionun tamamilə doldurmaq yaxşıdır, yoxsa 70 minlik stadionun yarısını? Sizcə, Olimpiya stadionunu doldura bilərikmi? Bu haqda düşünmək olar. Marketinqçilər bizi biletlərin qiymətini aşağı salmaqda qınayır. Ancaq biz deyirik ki, bileti baha edə bilmərik. Mənim azarkeşim qaçqındır, kasıbdır, imkanı yoxdur. Təbii ki, bunu anlamayanlar da var. İstəyirəm ki, biletin qiyməti aşağı olsun və stadiona 50 min adam gəlsin. Onun həyəcanı nəyə desən dəyər.