Ekspert: “Neft 60 dollaradək bahalaşa bilər” AÇIQLAMA

14 Aprel 2016 17:22 (UTC+04:00)

"Bu bazar günü Doha görüşündə hasilatın dondurulması haqda yekdil qərar qəbul olunsa, neft 60 ABŞ dollarınadək bahalaşa bilər. Lakin bu, az ehtimal olunur". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, bu dəfəki iclas cari ilin fevralın 16-da Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında keçirilən görüşün davamı sayılır: "Hansı ki, həmin görüş zamanı sözügedən ölkələr arasında gəlinən razılığa əsasən neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması haqda təklif irəli sürülmüş və digər neft ölkələri də bu təklifə qoşulmağa çağrılmışdılar. Azərbaycana gəldikdə isə, əvvəla bizim dünya neft bazarına təsir imkanlarımız yox dərəcəsindədir. İkincisi də ki, ölkəmizdə hasilat onsuz da enməkdədir. Hazırda SOCAR-ın əsas hədəfi hasilatı olduğu səviyyədə saxlamaqdan ibarətdir".

"O ki qaldı, ABƏŞ-in "Azəri-Çıraq-Günəşli" yatağını işləməsi vəziyyətinə, son illər burada ayrı-ayrı quyular rekanstruksiya işləri ilə bağlı bir neçə dəfə istismardan dayandırılıb, yəni fasilələr yaranıb. Bu proses gələcəkdə də davam edəcək. Bir sözlə, bizdə hasilatın genişlənməsi ehtimalı yoxdur. İstəsək də belə mümkün deyil. Hasilatı elə real səviyyədə saxlamaq, onu məhz dondurmaq demək olacaq".