KİVDF müsabiqənin nəticələrini elan etdi SƏS TV

14 Aprel 2016 17:05 (UTC+04:00)

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi "Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, habelə KİV rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirilən müsabiqənin önəmindən bəhs edərək, bildirib ki, "multikulturalizm" cəmiyyətdə dərk olunmalı, bu anlayışın önəmi təbliğ olunmalıdır: "Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, bu il ərzində "multikulturalizm"lə bağlı silsilə tədbirlər həyata keçirilir. Belə ki, bu tədbirlər silsiləsinə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu daxil etmək olar. Bu məqsədlə, KİVDF ilə birgə təşkil etdiyimiz müsabiqəni məhz, elə sözügedən mövzuya həsr etdik". Nazir qeyd edib ki, nəticədə, müsabiqədə müxtəlif kütləvi informasiya vasitələrindən 50 məqalə iştirak etdi. Yazıların hər birində "multikulturalizm"ə müxtəlif istiqamətdə yanaşma olduğunu gördük. Bu, çox sevindirici haldır. Müzakirələrin nəticəsində, belə qərara gəldik ki, forum bitəndən sonra növbəti müsabiqə elan olunsun. Yeni müsabiqənin mövzusu isə forumun nəticələri ilə bağlı olacaq".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək müsabiqənin gedişatı haqqında məlumat verib. Bildirib ki, müsabiqəyə 34 KİV-i təmsil edən 50 məqalə daxil olub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Nəticədə, 5 həvəsləndirici mükafat jurnalistlərə təqdim olunub. Bundan başqa, 3 III yer, 2 II yer və 1 I yerin qalibləri müəyyən edilib.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, keçiriləcək növbəti müsabiqələrlə bağlı təkliflər irəli sürüb: "Ölkəmizdə belə maarifləndirici müsabiqələrin keçirilməsi sevindirici haldır. Lakin təklif edirəm ki, forumun verdiyi vədləri doğrultması, nəticəsi ilə bağlı qarşıda keçirilməsi nəzərdə tutulan müsabiqənin əhatə dairəsi genişləndirilsin. Yəni, müsabiqəyə verilən yazılarda həmçinin, dünyanın Azərbaycana olan marağı və mövqeyi də əks olunsun".

Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Qeyd edək ki, müsabiqənin qaliblərinə I yer üzrə - 1000 manat, II yer üzrə - 800 manat; III yer üzrə - 600 manat və 5 həvəsləndirici mükafat (200 AZN) verilib.

Kubra Bayramova