Yükdaşımalarının təşkili imkanları müzakirə olunur

14 Aprel 2016 15:41 (UTC+04:00)

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstanca limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, "Gürcüstan Dəmir Yolu" SC-nin Baş direktoru Mamuka Baxtadzenin, "Moldova Dəmir Yolu" DB-nin Baş direktoru Yuri Topalenin, Rumıniya "CFR Marfa Sa"nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.

İştirakçılar Rumıniyanın Konstanca və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan, İran, eləcə də əks istiqamətdə yükdaşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparırlar.

Tədbir çərçivəsində memorandum imzalanacaq. Üç gün davam edəcək dəyirmi masa iştirakçıları üçün şəhərin tarixi yerlərinə ekskursiya da təşkil ediləcək.