Azərbaycan Prezidenti İstanbulda Sammitdə iştirak edir FOTOLAR

14 Aprel 2016 15:12 (UTC+04:00)

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunur.

Sammit müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başladı.

İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və İslam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirdi. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində İslam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğuladı. Hazırda İslam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr dedi ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı, daxili narazılıqlar da var.

Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq, bunun ciddi bir təhdid olduğunu bildirdi. O, İslam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini bildirdi. Misirin xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Türkiyə Respublikasına keçdiyini elan etdi.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün İslam dünyası üçün uğurlu olmasını arzuladı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani Sammitə yüksək səviyyədə ev sahibliyinə, eləcə də dünyada İslam ölkələrinin mənafeyini fəal müdafiə etməsinə görə Türkiyəyə minnətdarlığını bildirdi. İƏT-in baş katibi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcəkdir. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də İslam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini dedi. "Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə İslam dünyası və müsəlman ölkələridir", - deyən Rəcəb Tayyib Ərdoğan bu Sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirdi.

Son illərdə Türkiyədə baş verən terror hadisələrinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Qərb ölkələrinin terror təşkilatlarına və onların qanlı aksiyalarına ikili standartlarla yanaşdığını, Parisdə, Brüsseldə baş verən terror hadisələri anıldığı halda, Ankara, İstanbul və Lahorda baş verənlərin yad olunmadığını dedi. İslam ölkələrinin qarşıdakı dövrdə sülh, inkişaf və təhlükəsizlik məsələlərinə daha çox diqqət göstərmələrinin əhəmiyyətini vurğulayan Rəcəb Tayyib Ərdoğan qardaşlığı sadəcə sözdə yox, siyasi, iqtisadi, mədəniyyət və bir çox istiqamətlərdə qurulan əməkdaşlıqla da göstərməyin vacib olduğunu bildirdi, gənclərin fəaliyyətinin təşkilatlanmasının, qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkdi. İƏT-in qadınlarla bağlı konfransının keçirilməsi, bu sahədə qadın təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən Rəcəb Tayyib Ərdoğan ortaq Qızıl Aypara Cəmiyyətinin yaradılmasının mümkünlüyünü bildirdi, İslam İnkişaf Bankını bu təşəbbüslərə fəal dəstək verməyə çağırdı.

Sonra müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirildi.

Daha sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənildi.

Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Sammitin işinə və yeni sədrlik dönəmində Türkiyəyə uğurlar arzuladı.

Sonra ərəb ölkələri qrupu adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Afrika ölkələri qrupu adından isə Qambiya Prezidenti Yəhya Camme çıxış etdilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirdi.

Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud çıxış etdi.