Əbülfəs Qarayev BMT-nin nümayəndə heyəti ilə görüşüb FOTOLAR

14 Aprel 2016 12:45 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyində BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətinə toxunan nazir, foruma ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü diqqətə çatdırıb. Əbülfəs Qarayev BMT Baş katibi Pan Gi Munun ölkəmizə gözlənilən səfərindən də söz açıb. Qeyd edilib ki, foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir. Nazir, həmçinin, ölkəmizin multikultural və tolerant ənənələri özündə daşıyan nümunəvi bir dövlət kimi dünyada tanınmasını bir daha nümayəndə heyətinin nəzərinə çatdırıb.

Daha sonra Cefri Feltman Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də qatıldığı görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə olunub.