Tamerlan Vahabov: “İƏT-in Azərbaycana dəstəyi artıb” MÜNASİBƏT

14 Aprel 2016 11:22 (UTC+04:00)

"Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təmas qrupunun yaradılması barədə təşəbbüs yenidən bu təşkilatın Azərbaycana olan dəstəyi və ölkəmizin orada olan diplomatik uğurlarının bir nümunəsidir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Ekspertin sözlərinə görə, nəticəsindən asılı olmayaraq bu məsələnin müzakirə olunması, Azərbaycana olan diqqətin səngiməməsi, əksinə artması bunun daha da qabarıq şəkildə təsdiq olunmasının bir nümunəsidir: "Bu təşəbbüsün reallaşması hər halda bütün tərəflərin, əsasən də Azərbaycan tərəfinin iştirakı ilə olan bir məsələdirsə bu qarşılıqlı olaraq etibarlılığın artmasına gətirib çıxaracaq. Bunun reallaşmaması ehtimalı isə hər hansı struktur öhdəliklərinə gətirib çıxara bilər".

Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı bu gün dövlət başçıları verəcək.

Xatrıladaq ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir, Liviya isə toplantıda təmsil olunub.