Gürcüstan parlamentində insident

13 Aprel 2016 19:48 (UTC+04:00)

Qondarma "erməni soyqırımı"nın Gürcüstan parlamenti tərəfindən tanınmasına dair erməni deputatın təklifi növbəti dəfə ciddi etirazlara səbəb olub. Azərbaycanlı deputat Azər Süleymanov erməni həmkarının arzusunu ürəyində qoyub. A.Süleymanov azərtac-a müsahibəsində deyib: "Bugünkü iclasda Axalkalikidən olan deputat Samvel Petrosyan Gürcüstan parlamentində qondarma "erməni soyqırımı"nın tanınması təklifini irəli sürdü. O, Gürcüstan parlamentinin bu yalançı soyqırımı tanımasının erməni xalqı tərəfindən minnətdarlıqla qarşılanacağını söylədi. Lakin mən ona sözünü bitirməyə imkan vermədim və belə bir məsələnin iclasın gündəliyinə daxil edilməsinə etirazımı bildirdim".

Vahid Milli Hərəkat Partiyasının üzvü olan Azər Süleymanov erməni deputatın təklifini əsassız adlandırıb. O, çıxışında deyib: "Bura Ermənistanın deyil, Gürcüstanın parlamentidir və burada Gürcüstanın problemləri müzakirə olunmalıdır".

S.Petrosyanı deputat yox, şoumen adlandıran A.Süleymanov həmkarına parlamenti yalançı soyqırımı nağılları ilə çirkləndirməməyə çağırıb. O deyib: "Əslində əsl soyqırımı ermənilərdən ibarət "Baqramyan" taboru tərəfindən Abxaziyada törədilib. Abxaziyada ermənilər günahsız gürcüləri qətlə yetiriblər. Əgər söhbət 1915-ci ildə baş vermiş hadisələrdən gedirsə, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar öz arxivlərini açıb, amma Ermənistan belə bir addımı atmaqdan qəti imtina edir".

Diqqəti ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərində törətdikləri vəhşiliklərə çəkən A.Süleymanov deyib: "Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini qətlə yetiriblər. Hazırda Azərbaycan torpaqlarında müharibə gedir, siz hansı "erməni soyqırımı"ndan danışırsınız?!"

Azərbaycanlı deputatın çıxışı deputatların böyük əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün S.Petrosyanın bu təklifi ilə bağlı müzakirə aparılmayıb.