İşğal olunmuş ərazilər azad edilməyincə sülh olmayacaq

13 Aprel 2016 19:06 (UTC+04:00)

Moldovanın nüfuzlu "Vector European" ("Avropa vektoru") portalının saytında Azərbaycanın Kişineudakı səfiri Namiq Əliyevlə "Fara eliberarea teritor ocupate, pacea nu se va restabili" ("İşğal olunmuş ərazilər azad edilməyincə sülh olmayacaq") sərlövhəli böyük müsahibənin mətni rumın dilində dərc edilib:

Azərbaycanın Kişineudakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu müsahibə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə əlaqədar yaranmış vəziyyətə həsr edilib.

Ölkəmizin diplomatik nümayəndəliyinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ətraflı təhlil edərək vurğulayır ki, müharibə başlanana qədər Ermənistan Respublikasında 300 min, Dağlıq Qarabağda 60 min və Qarabağın ətrafındakı 7 Azərbaycan rayonunda 600 minə yaxın azərbaycanlı yaşayırdı. Ermənistan tərəfindən aparılmış etnik təmizləmələr nəticəsində indi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb. Beləliklə, bu ərazilər polietnik Qafqaz regionunda monoetnik zonaya çevrilib.

Müsahibədə xüsusi vurğulanır ki, Şərqi Avropada və keçmiş Sovet İttifaqı məkanında yeni yaranmış dövlətlərin tanınmasına dair rəhbər prinsiplər haqqında Avropa Birliyinin 16 dekabr 1991-ci il tarixli Bəyannaməsində "bütün sərhədlərin toxunulmazlığına" hörmət etmək vəzifəsi, sərhədlərin "yalnız dinc vasitələrlə və qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilməsi" təsdiqlənir, habelə Rusiyanın və digər keçmiş SSRİ respublikalarının gələcək statusu haqqında 1991-ci il dekabrın 23-də Brüsseldə qəbul edilmiş "Onikilər Bəyanatı"na istinad edilir. Bu sənəddə vurğulanır ki, təcavüz nəticəsində yaranan dövlətlər tanınmayacaq.

Müsahibədə deyilir: "Dünya birliyi, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr bu münaqişənin beynəlxalq hüququn aliliyi əsasında tənzimlənməsinə dair qəti addımlar atmalıdırlar. Ermənistan Respublikası beynəlxalq normalara və prinsiplərə müvafiq olaraq Azərbaycan ərazilərinin işğalına qeyd-şərtsiz son qoymalı, işğal edilmiş bütün torpaqlardan öz qoşunlarını çıxarmalı və münaqişənin həllinə konstruktiv yanaşma nümayiş etdirməlidir".