Metyu Brayza: “ATƏT-in Minsk qrupu adından Putin tək hərəkət edir”

13 Aprel 2016 17:51 (UTC+04:00)

"Aprelin əvvəlində Qarabağda Azərbaycan və Ermənistan arasında olan hərbi əməliyyatlar az qaldı ki, tam miqyaslı müharibəyə çevrilsin". SİA xəbər verir ki, bunu ABŞ-ın Azəbaycandakı sabiq səfiri Metyu Brayza "The Washington Post" qəzetində dərc olunmuş yazısında qeyd edib.

Onun sözlərinə görə, Trans-Atlantik liderləri tərəflərdən qan tökülməsinə son qoymağı istəməkdən başqa heç bir şey etmədilər. Putin isə əksinə Rusiyanın beynəlxalq nüfuzunu gücləndirmək, Bakı və İrəvanı Qərbin təsirindən uzaqlaşdırmaq üçün qətiyyətlə hərəkət etməyə başladı.

O qeyd edib ki, baxmayaraq ki, Vaşinqton və Moskva Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstandakı işğalçı siyasətinə görə yaxşı münasibətdə deyildilər, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əməkdaşlıqları çox intensiv idi: "İndi ATƏT-in Minsk qrupu adından Putin tək hərəkət edir. Ola bilsin ki, o, ABŞ-ın vitse-prezident Cozef Baydenin Azərbaycan və Ermənistan prezidentləri ilə Vaşinqtonda ayrılıqda görüşündən sonra onun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən müəyyən pay əldə edə biləcəyindən çəkinir. Ya da Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin Putinin boykot edildiyi IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində görüşlər keçirməsindən hiddətlənib".

M. Brayza bildirib ki, bütün hallarda Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir: "Ağ Ev son hadisələrlə bağlı hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerrinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb. Bunun əksinə olaraq, Putin dəfələrlə İlham Əliyev və Serj Sarkisyanla məsləhətləşmələr aparıb, Rusiya müdafiə və xarici işlər nazirləri özlərinin Bakıvə İrəvandakı həmkarları ilə aktiv şəkildə bu məsələyə cəlb olunublar. Nəticədə aprelin 5-də Rusiyanın hərbi rəhbərliyinin azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqları əsasında və ATƏT-in Minsk Qrupunun birbaşa vasitəçiliyi olmadan atəşkəs bərpa edilib".

Keçmiş həmsədr bildirib ki, bununla Rusiya 2 qazanc əldə etmək istəyir: "Birincisi, Rusiya Ukrayna məsələsi ilə alt-üst olmuş beynəlxalq nüfuzunu bərpa etmək məqsədi güdür. İkincisi, Azərbaycan və Ermənistan rəhbərliyində o təəssürat yaranıb ki, Rusiya Cənubi Qafqazda atəşkəslə bağlı çağırış edən yeganə ölkədir: "Bu, Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. İndi Dağlıq Qarabağ münaqişəsinin həll prosesində iştirak etmək istəyən və bu planı pozulan İran da Rusiya ilə birgə hərəkət etmək və ABŞ-dan kənarda Azərbaycanla üçtərəfli əməkdaşlıq mexanizmi qurmaq istəyir. Beləliklə, Putin Azərbaycan və Ermənistanı Qərbdən uzaqlaşdırdığı və gələcək böhranların bünövrəsini qoyduğu bir vaxtda Vaşinqton bunu kənardan izləməklə məşğuldur".