Hiyləgər düşmən təxribatçı əməllərindən geri qalmır

13 Aprel 2016 16:47 (UTC+04:00)

"Bəzi terror təşkilatlarının üzvlərinin Ermənistanda məskunlaşması gözləniləndir". Bu fikirləri SİA-ya millət vəkili Fazil Mustafa son günlər Ermənistana və işğal altındakı Dağlıq Qarabağ ərazilərimizə "ASALA", "PKK" və s. terrorçu-separatçıların yerləşdirilməsinə münasibətini bildirərkən deyib. Millət vəkili hesab edir ki, bu kimi halların qarşısının alınması üçün geniş təbliğata ehtiyac var: "Ona görə də bu məsələni Azərbaycan yalnız təbliğatda istifadə etməlidir. Beynəlxalq qurumların diqqətinə çatdırılmalıdır ki, oralar terrorçu yuvasıdır".

Fazil Mustafa daha bir mühüm amilə toxunaraq qeyd edib ki, bu kimi məsələlərdə əsas məqamlardan biri də xalqın iradəsidir: "Torpaqlarımızın işğalçıdan azad olunmasından tutmuş digər məsələlərə qədər hər şey yalnız xalqımızın iradəsi ilə həllini tapacaq. Özümüz irəli addım atmayana qədər, Ermənistandan geri çəkilməyini gözləmək inandırıcı deyil. Azərbaycan öz sərhədlərini qorumaqda ayıq sayıqdır və bundan sonra da düşmənin cavabını verməyə hazırdır".

Bütün bunlara rəğmən, düşmənin hiyləgər olduğunu da xatırladan Fazil Mustafa erməni işğalçılarının dondan-dona girərək, hər vəchlə Azərbaycan torpaqlarını öz işğalı altında saxlamaq istədiyini aşkar şəkildə göstərir: "Amma düşmənin hər cür hiyləyə əl ata biləcəyini nəzərə alaraq hər an təxribat törədə biləcəklərini unutmamalıyıq. Ermənilərin hiylələrinə qarşı diqqətli olmaqla yanaşı mübarizəmizi davam etdirməliyik".