Sergey Markov: "Həll yoluna iki həftədən sonra da başlamaq olar"

13 Aprel 2016 14:05 (UTC+04:00)

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin qismən diplomatik həlli üçün əlverişli şərait yaranıb. Ermənistan və Azərbaycan müvəqqəti tarixi güzəştlərə gedə bilərlər". SİA mir.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, münaqişənin qismən diplomatik həlli hazırlanmasında Dmitri Medvedevin də iştirak etdiyi Kazan prinsiplərinin həyata keçirilməsi ilə mümkün ola bilər: "Prinsiplərin mahiyyəti ondan ibarətdir ki, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır. Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir. Bu həll yolu münaqişə iştirakçılarının əksəriyyətini qane edir və bu ssenarinin gerçəkləşdirilməsinə iki həftədən sonra da başlamaq olar".