Politoloq:"Deklorativ çıxışların vaxtı çoxdan bitib" ŞƏRH

13 Aprel 2016 13:07 (UTC+04:00)

"Beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda ilk dəfə idi Azərbaycanın haqq səsi sətirarası olsa da qəbul edildi. Bura BMT-nin baş katibinin, ATƏT rəhbərliyinin, eləcə də Minsk qrupunun həmsədrlərinin bəyanatlarını daxil etmək olar. Bundan başqa ABŞ –ın yüksək səviyyəli məmurları da Azərbaycanın suverenliyini dəstəkləyən bəyanatlarla çıxış etdilər". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev cəbhədə baş verən son proseslər fonunda beynəlxalq qurumların verdikləri bəyanatları şərh edərkən deyib.

Politoloq qeyd edib ki, son əməliyyatlara qədər milli müqəddaratın həlli məsələsini ortaya qoymağa çalışan Qərb artıq bunun ancaq ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü anladı: "Təbii ki, bu, Azərbaycan tərəfini qane edə bilər. Lakin bu hələ Dağlıq Qarabağ münaqişəsinin həlli demək deyil. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da bu məsələdə təşkilatın üzv dövlətləri Azərbaycanla bir yerdə olduqlarını bəyan etdilər. Həmsədr dövlətlərə gəldikdə isə biz bu bəyanatları dəfələrlə eşitmişik və deklorativ çıxışlardan başqa bir müsbət fikir olmadığınının şahidiyik. Bütün bunlara baxmayaraq birmənalı olaraq deyə bilərik ki, Azərbaycan öz şərtlərini irəli sürən və diqtə edən tərəf kimi çıxış edir. Hesab edirəm ki, artıq deklorativ çıxışların vaxtı bitib və ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli istiqamətində müvafiq addımlar atmalıdırlar".