Vüqar Zifəroğlu: “Həmsədrlər və Ermənistan dəyişmiş reallıqları qəbul etməlidir” AÇIQLAMA

13 Aprel 2016 11:50 (UTC+04:00)

"İstənilən halda aprel əməliyyatları ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin donmuş və əslində həllinin qeyri-müəyyən gələcəyin ixtiyarına buraxılan bir münaqişə olmadığı tam mənası ilə ortaya qoyuldu". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyib.

O bildirib ki, münaqişənin həlli üçün töhfəsini verə biləcək istənilən təkliflər hər zaman Azərbaycan tərəfindən qiymətləndirilib və müzakirə edilib: "Amma Azərbaycan üçün heç bir zaman dəyişməyəcək və son dərəcə vacib bir məqam var-münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli. Bu bizim üçün dəyişilməz və əvəzolunmaz prinsipdir. Lavrovun təkliflərində də, Almaniyanın irəli sürdüyü müddəalarda da prinsipial yeniliklər yoxdur. Rusiya XİN rəhbərinin təklifləri Madrid prinsiplərinin yenilənmiş versiyasıdır".

Vüqar Zifəroğlu qeyd edib ki, istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də Ermənistan artıq bəzi dəyişmiş və sürətlə dəyişməkdə olan reallıqları qəbul etməlidir: "Cənab Prezidentin də dediyi kimi Azərbaycan heç bir halda ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Rəsmi Bakı danışıqlar prosesində o səbəbdən iştirak edir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilsin".