Ermənilərin və Ermənistanın hədəfindəki

13 Aprel 2016 11:49 (UTC+04:00)

Ermənistan mətbuatının gündəmi heç də rəngarəng deyil. Yox, mətbuat Dağlıq Qarabağda erməni ordusunun məğlubiyyətindən yazmır, bunu özlərinə yasaq ediblər. Onsuz da qırılan ümidləri gözlənilən uğursuzluqlarla daha da çətinə salmaq istəmirlər. Erməni ordusunda baş verən ruh düşkünlüyünü aradan qaldırmağa da kimsənin gücü çatmır. Bəs nə etməli? Erməni siyasətçiləri bunun da cavabını çox axtarmayıblar. Cəbhədəki məğlubiyyətin səbəbkarı kimdir, sualının cavabı olaraq Rusiyanı göstəriblər. Niyə? Çünki Azərbaycana silah satıb. Çox bəsit, ucuz, heç bir əziyyəti olmayan cavabdır.

Keçmiş xarici işlər naziri Vardan Oskanyan isə hədəf olaraq Ermənistan hakimiyyətini göstərir. Rusiyanın silah satmasını isə diplomatik dillə şərh edərək bildirir ki, Rusiya dünyanın çox ölkəsinə silah satır, İrana, vaxtilə Gürcüstana, Azərbaycana, o cümlədən Ermənistana. Burada Rusiyanı günahlandırmaq, müharibədəki məğlubiyyəti bunun üzərinə gətirmək əsl səbəbləri gizlətməkdir.

Yuxarıda erməni mətbuatının bəsit, yeknəsək olduğundan danışdıq. Yəni Ermənistan mətbuatı əksər məqalələrində məğlubiyyətin səbəkarı olaraq Rusiyanı hədəfə almaqla hakimiyyət özünü hədəfdən yayındırır. Hakimiyyətdəkilərin bir qismi Moskvadan küsməklə öz etirazını bildirir, digərləri isə Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarı kimi çıxış edir. Səngərlərdə övladını itirən sadə ermənilər isə hakimiyyəti günahlandırır, "Mənim olmayan torpaqda övladım niyə ölməlidir", sualı ilə Sarkisyanın qapısına dirənir. Hətta ölülərini götürüb Ermənistan prezidentinin iqamətgahı qarşısına gələnlər də az deyil. Ona görə də Ermənistan rəhbərliyi çıxış yolu kimi "Rusiya Azərbaycana silah satmasaydı…" kimi cəfəng iddia ilə vətəndaşlarının qarşısına çıxmağı üstün tutur.

İndi bütün erməni mətbuatı hakimiyyətin barmaq işarəsi ilə Rusiyanı Azərbaycana dəstək verməkdə ittiham edən məqalələr verir. Hətta Ermənistanın baş nazirinin Rusiya barədə səsləndirdiyi yumşaq fikirlərə görə onu Kremlin vəkili adlandırıblar və onu istefaya çağırıblar: "Normal ölkədə baş nazir istefa verməli idi. Amma bu qədər ağır məğlubiyyətin qarşılığında nə prezident, nə müdafiə naziri, nə xarici işlər naziri, nə də baş nazir istefa barədə düşünmək belə istəmirlər". Yenə təkrar edirik, günahkar birdir- RUSİYA. Siyasi ekspertlər hesab edir ki, bu üsulla Sarkisyan rejimi günahı öz boynundan atmağa çalışır.

Belə bir şəraitdə ermənilərə, Ermənistan hakimiyyətinə nə təklifimiz olardı. Çox bəsit, sadə ermənilər demiş, şələ-şüləsini götürsün, iddialarını udsun-yesin onlara aid olmayan Qarabağdan rədd olub getsin. Onda hamı istədiyinə nail olar. Əks təqdirdə…