Nazirlikdə Tvinninq layihəsininin icrasına başlanılıb

13 Aprel 2016 11:18 (UTC+04:00)

"Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı" Tvinninq layihəsinin icrasına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, nazirlikdə Avropa İttifaqının "Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı" Tvinninq layihəsinin icrasına başlanılıb.

Avstriya Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan layihənin əsas komponentlərindən biri də sosial xidmət təminatına dair insan resurslarının inkişafı, bu sahədə çalışan işçi heyətinin bilik və peşəkarlıq səviyyələrinin artırılmasıdır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri üçün təlim-seminarların keçirilməsinə başlanılıb.

Ümumilikdə cari ilin aprel-iyun aylarında hər biri 4 gün olmaqla "Təlim metodları", "Məişət zorakılığı", "Ahıllar", "Cəza çəkməkdən azad edilmiş şəxslər", "Ailələr və uşaqlar" mövzularında 5 təlim-seminarın keçirilməsi nəzərdə tutulub. Təlim seminarlarda məqsəd müvafiq sahədə fəaliyyət göstərən əməkdaşlara sosial xidmət sisteminin təkmilləşdirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılmasıdır.

"Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı" Tvinninq layihəsi ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsinə dəstək məqsədi daşıyır. Bakı şəhərinin Xəzər rayonu, Gəncə şəhəri, Lənkəran və Xaçmaz rayonları layihənin icrası üçün pilot ərazilər kimi seçilib.